İctİmaİ Məsulİyyət Laİhələrİ
Layiqli əməyi reallığa çevirək
27 aprel, 2007
"Azersun Holding" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə "Layiqli Əməyi Reallığa Çevirək: Təhlükəsiz və Sağlam İş Yerləri" başlığı altında konfrans keçirdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Azersun Holding"in Mədəniyyət Mərkəzində 27.04. 2007-ci il tarixində 28 aprel Ümumdünya Əməyin Müdafiəsi günü ilə əlaqədar tədbir təşkil etdi.
"Layiqli Əməyi Reallığa Çevirək: Təhlükəsiz və Sağlam İş Yerləri" başlığı altında hazırlanan proqramda "Azersun Holding" Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərov, Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev, AR Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov, "Baku Steel Company" Həmkarlar İttifaqı Komitəsinin sədri Əliqulu Quliyev və "Eyfel" MMC Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası üzrə mühəndis Nəsrəddin Ağayev və digər təşkilatlardan təşrif buyurmuş qonaqlar iştirak edirdi.
Proqramda 28 aprel ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar vacib məsələlərə toxunuldu.
Çıxışa ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərov başladı. Füzuli Ələkbərov öz çıxışında gəlirlərin artımından və hazırkı şəraitdə əmək təhlükəsizliyinin düzgün və standartlara uyğun yüksəldilməsi üçün hər cür şəraitin olduğunu qeyd etdi. Nazir eyni zamanda dövlətin və sahibkarların vahid komanda kimi işləməsinin məqsədyönlü olduğunu vurğuladı. Füzuli Ələkbərov həmçinin, minimum əmək haqlarının gedərək artmasından, digər sahələrin mütəmadi inkişafından bəhs etdi. Bununla yanaşı nazir, "Azərsun Holding"in beynəlxalq standartlara uyğun nümunəvi müəssisə olduğunu da vurğuladı.
"Azersun Holding" Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal bəy isə çıxışına konfrans iştirakçılarını salamlayaraq başladı. Abdolbari Goozal daha sora isə çıxışına belə davam etdi, "Hörmətli qonaqlar və holdinq işçiləri. Şəxsən özüm insanlar arasında təbəqəyə yol verməmişəm, heç bir insanı mal varlığına görə dəyərləndirməmişəm. İnsana insan olduğu üçün dəyər vermişəm. Elə vaxt ola bilər ki, insanın heç bir maddi imkanı olmasın amma insanlıq tamam başqa şeydir. Mən çox şadam ki, bu cür əhəmiyyətli bir tədbir məhz burada keçirilir. İşçi məsələləri məhz burda müzakirə olunur. Mən belə məsələlərə böyük əhəmiyyət verirəm. Ümid edirəm ki, bu hər kəsə ciddi təsir bağışlayacaq.
Keçmiş Sovetlər dövründə işçi qüvvəsinin təmin edilməsi həqiqətən SSR-i kommunizmin humanist və mənəvi olmayan maddi bir fəlsəfə ilə yola çıxması müəyyən bir müddət ərzində davam etdikdən sonra təəssüf ki, mənəvi dəstəyi olmadığı üçün çökmüşdür və iş standartlarını zəiflətmişdir. Biz hər nə qədər də iş verən olaraq bu məsələyə əhəmiyyət versək də, bizim də bəzən acı hadisələrimiz olmuşdur. Bu məsələ tədris tələb edən bir məsələdir. Eyni zamanda belə iclasların və maarifləndirmə iclaslarının keçirilməsi də çox böyük əhəmiyyətə malikdir. Və bu mətbuat vasitəsilə işçilərin sağlamlığını təmini və işçilərə yanaşma prinsiplərini həyata keçirməklə yanaşı bunların ön plana çıxarılması böyük əhəmiyyət daşımaqdadır. Təbii ki biz, "Azersun Holding" olaraq fəaliyyətimizdə mənəvi olaraq islami vəzifələrimizi bacardığımız qədər yerinə yetirməyə çalışırıq. "Azersun Holding"in prinsip və fəlsəfəsi bunun üzərinə qurulmuşdur. Əgər bir miqdar işçini arxamca aparmağa mənim gücüm çatmırsa, min nəfəri arxamca aparmaq məcburiyyətində deyiləm. 10 nəfərlə yola çıxaram, əgər onları da daşıya bilmirəmsə beş nəfərlə, əgər onları da daşıya bilmirəmsə heç olmasa özümü təmin edə bilsəm onun özü də böyük nemətdir.
Minlərlə insanın məsuliyyətini daşıyırıq...
Siz, minlərlə insanın məsuliyyətini qəbul etdiyiniz zaman hər şeyə özünüzü hazır görməlisiniz. Sizin ürəyinizdə o qədər də böyük sevgi olmalıdır. Sizin ürəyinizdə onları qucaqlayacaq qədər güc olmalıdır. Və özünüzə inanmalısınız, bu insanları nə qədər idarə edə bilərsiniz. Elə vaxt olub ki, işçim bilməyib, mən evimi ofisimi satmışam ayın birində onlar maaşlarını alıblar. Çünki o onun əməyidir, o onun uşağının ruzisidir. onun çörəyi ilə oynamağa mənim haqqım yoxdur.
İSO standartları deyir ki, keyfiyyət bizim siyasətimizdir, ancaq "Azersun Holding" olaraq bizim şüarımız isə "keyfiyyət bizim həyatımızdır" şüarıdır. Məhsulda keyfiyyət, istehsalda keyfiyyət, bəşəri ünsiyyətimizdə keyfiyyət, işçilərlə olan əlaqəmizdə keyfiyyət; əgər toplam keyfiyyət olmazsa biz yoxuq deməkdir. Məqsəd olaraq qarşıya bunu qoymaq lazımdır və bu hədəfə doğru irəliləmək lazımdır. Mən bir şeyi də qeyd etmək istəyirəm ki, keyfiyyətli işçi keyfiyyətli məhsul istehsal edə bilər. Əgər bir iş adamı aynaya baxmaq istəyirsə müəssisəsinə getdiyi zaman işçilərinin üzünə baxmalıdır, əgər işçilərin simasında müsbət təbəssüm görürsə o özünü aynada yaxşı görəcəkdir. Əgər o, işçiləri idarə edə bilmirsə deməli ola bilsin ki, maddi imkanı çatmır. Həmin adam oturub fikirləşməlidir. Ona görə vəziyyətini gözdən keçirməlidir.
Bir zamanlar mənə bir iş adamı dedi ki, Hindistana 30 min nəfər işçi aparıb xalı toxutduraq. Həmin adama dedim ki, neçəyə başa gələr. Dedi ki, 15-20 dollara işləyən işçi qüvvəsi var. Dedim 30 min nəfər mənə əsir kimi işləyəcək, mənim qarnım doyacaq, mən gedəcəyəm otellərdə dincələcəyəm. Dedim ki, mən bunu bacarmaram. Dedi onlar onsuz da acdırlar. Dedim Allah onlara kömək edəcək. Ancaq mən getsəm, hesab et ki, onlara üç qat artıq maaş verəcəyəm, qane edirsə gedək. Dedi qane etməz xalı işidir, çətindir. Bilirsinizmi prinsipi nəyin üzərinə qurmaq lazımdır? Biz, "Azersun Holding" olaraq şirkətlərimizi istifadəyə verincə heç bir zaman "Azersun Holding"də ucuz işçi vardır deyə nəzərimizə gətirmədik.
Azərbaycan ucuz yer deyil...
Azərbaycan keçid dövrünü yaşayırdı ancaq Azərbaycan ucuz yer deyildi, 3-5 il öncə də mən dedim ki, Azərbaycan ucuz yer deyil Hindistan deyil. Ucuz işçi üzərində hesab aparmayın. Azərbaycanın maddi imkanı var, nefti var, kənd təsərrüfatı var, biznesmen beyni var.
Azərbaycan strateji bölgədədir. Rusiya ilə orta şərq arasında olan körpüdür. Azərbaycanın çox böyük üstünlükləri vardır. Və Allaha şükür təzə-təzə gəlirlər gəlir və bunlar da əks etdirilir. Azərbaycan çox gözəl inkişaf edir və Allah rəhmət eləsin ümummilli liderimizə, o qədər gözəl sistem qurub. Azərbaycan idarəçiləri də çox məntiqlidirlər. Budur iş verən, buduru işçi müdafiə hüququ. Heydər Əliyev elə nizam-intizam qurubdur ki, belə tablo görə bilməzsiniz. Azərbaycan hal-hazırda beynəlxalq standartını yavaş-yavaş yüksəltməyə başlayıb. Bütün sahələrdə yüksəlir və bu yüksəliş davam edir. Radikal bir şey yoxdur. Qırıb dağıtmaq yoxdur. İndi yavaş-yavaş biz beynəlxalq standartlara uyğun gəlməliyik.
Bu da Azərbaycanın digər müvəffəqiyyətlərindəndir. Təkcə bir şey var ki, Azərbaycanın bu gəlirləri gələcəkdə bu ölkəyə işçi idxalı edəcək. Azərbaycanlılar çox biliklidirlər, mən İmişlidə gördüm avtomatikanı alman mühəndis, polyaklar, ukraynalılar həll edə bilmədilər. Ancaq orta məktəbi bitirmiş İsa adında İmişlili oğlan sadəcə radio və televizorların arxasındakı yazıları oxuyaraq məsələni həll etdi və bu layihədə böyük rol aldı. Mühəndislər gəlib ondan məsləhət alırdılar. Onu demək istəyirəm ki, Azərbaycan işçisinin keyfiyyətini yüksəltməliyik.
Biz tədrisə şərait yaratmalıyıq ki, sıfır işçi idxal edək, əsas işçi azərbaycanlı olmalıdır. Necə ki, bunu almanlar etdilər. O dövrdə müharibədən sonra insan az idi onlar ölkələrini inkişaf etdirdilər. İdxal etdilər, amma xaricdən gələn işçi fəhlə kimi işlədi.
Mütəxəssislər azərbaycanlı olmalıdır...
Azərbaycanın öz ölkəsində mütəxəssis kimi çalışması onun təbii haqqıdır. Ona görə burada çox əhəmiyyətli məsələ var. Burada maarifləndirmə işində bir qisim pay dövlətə düşür, bir qismi də məsuliyyət insanın öz üzərinə düşür, mən hər zaman buna inanmışam. İnsan istərsə özünü maarifləndirə bilər, inkişaf etdirə bilər. İstəməsə siz ona 50 qüvvə verin, heç nə dəyişməyəcək. İnsan əgər ürəkdən istəsə, Allah da ona yaradıcılıq verəcəkdir. Ona görə Azərbaycan işçisinin yaradıcılığını inkişaf etdirməsi üçün çalışırıq, maarifləndirmə işləri aparırıq. Əgər bu gün cənab nazir, iş verən, işçi nümayəndələri "Azersun Holding"i təqdir edirsə, mən Allaha şükür edirəm ki, əkdiyim ağacın bəhrəsini başqaları da görür və qiymətləndirir."
Daha sonra söz Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevə verildi. Səttar Mehbalıyev öz çıxışında müzakirə edilən məsələnin əhəmiyyətliliyini qeyd etdi.
Eyni zamanda Təhlükəsiz və Sağlam İş Yerləri məsələsinin dövlət səviyyəsində olan aktuallığından da bəhs etdi. Həmçinin əməyin mühafizəsinin gücləndirilməsinin vacibliyini də qeyd edən Səttar Məmmədov iş yerlərində həmkarlar təşkilatının yaradılmasının vacibliyini və dünya ölkələrində əməyin mühafizəsinə ciddi yanaşıldığını da vurğuladı.
AR Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov isə öz çıxışında əməyin mühafizəsi ilə əlaqədar vəsaitlərin hazırlanması barədə məlumatlar verdi. Və işə götürülənlər arasında maarifləndirmə işlərinin gücləndirilməsi barədə fikirlər söylədi.
Digər konfrans çıxışçıları, "Baku Steel Company" Həmkarlar İttifaqı Komitəsinin sədri Əliqulu Quliyev və "Eyfel" MMC Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası üzrə mühəndis Nəsrəddin Ağayev də bu məsələ ilə bağlı öz fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər.
Ümumdünya Əməyin Mühafizəsi Günü 2001-ci ildən etibarən hər il 28 apreldə qeyd olunur. Bununla bağlı dünyada müxtəlif tədbirlər keçirilir. "Təhlükəsiz və sağlam iş yerləri" məfhumunun mənimsənməsi yolu ilə iş qəzalarının, peşə xəstəliklərinin, işlə bağlı sağlamlıq problemlərinin qarşısının alınması qarşıya qoyulan məqsədlərdəndir.
İş qəzaları və peşə xəstəlikləri, böyük mənəvi itkilərə səbəb olur. Bundan əlavə qəza və xəstəliklərdən meydana gələn iqtisadi itkilərin də faizi yüksəkdir. Statistikaya görə dünyada ildə 2.2 milyon işçi, iş yerində və çalışdığı işlə bağlı dünyasını dəyişir. Buna baxmayaraq cəmiyyətin, əməyin təhlükəsizliyi haqqında məlumatı lazımi səviyyədə deyil. Ona görə də bu məsələni ön plana çıxarmalı və beynəlxalq səviyyədə maarifləndirmə işlərinin görülməsi zəruridir.
| [Əvvəlki] | [Sonrakı] |

