İctİmaİ Məsulİyyət Laİhələrİ

“AZƏRSUN HOLDİNQ” AZƏRBAYCANDA İLK DƏFƏ TƏSİS OLUNAN “MİLLİ KİTAB MÜKAFATI”NI DƏSTƏKLƏDİ

3 noyabr, 2009

Elm və mədəniyyətin inkişafını hər zaman böyük əhəmiyyət verən “Azərsun Holdinq” bu istiqamətdə görülən əməli işləri dəstəkləməkdədir. Bu dəfə isə şirkətlər qrupu “Milli Kitab Mükafatı”nın rəsmi sponsoru oldu.

3 noyabr tarixində M.F.Axundov adına Milli kitabxanada Azərbaycanda ilk dəfə təsis olunan “Milli Kitab Mükafatı”nın təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, millət vəkili Rəbiyət Aslanova, yazıçılar Afaq Məsud, Natiq Rəsulzadə, Rəşid Məcid, Jurnalistlər birliyinin sədri Elçin Şıxlı, “Xəzər” universitetinin rektoru Hamlet İsaxanlı, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri ilə yanaşı, KİV nümayəndələri də iştirak edirdilər.

Tədbirdə ilk olaraq çıxış edən cənab nazir Əbülfəs Qarayev dövlətin dəstəyi ilə bu cür layihələrin həyata keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğuladı.

Milli Kitab Mükafatının təsisçisi, “Əli və Nino” Nəşriyyat evinin sahibəsi Nigar Köçərli çıxışında bildirdi ki, layihənin məqsədləri ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, müasir ədəbiyyatımızın sosial əhəmiyyətini artırmaq və ədəbiyyatımızı daha da zənginləşdirəcək əsərləri dərc etməkdir.

“Milli Kitab mükafatı”nın rəsmi sponsoru qismində çıxış edən “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev şirkətlər qrupunun qida sektorundakı nailiyyətləri ilə yanaşı elmə və mədəniyyətə də böyük əhəmiyyət verdiyini vurğulamış və bu kimi dəyərli layihələri hər zaman dəstəklədiklərini vurğulamışdır.

Tədbirdə, iştirakçılara holdinq müəssisəsinin istehsalı olan “Pasha” çaydan hədiyyələr də təqdim edildi.


 

[Əvvəlki] [Sonrakı]