İctİmaİ Məsulİyyət Laİhələrİ

ŞUŞA DÖVLƏT MUSİQİLİ DRAM TEATRININ QASTROL SƏFƏRİ

9-11 sentyabr, 2009

“Azərsun Holdinq”in Mədəniyyət Mərkəzində müxtəlif mövzuları əhatə edən tamaşaları ilə teatrsevərlərin qarşısına çıxan Şuşa Dövlət Musiqili Dram Teatrı Qarabağ İcması ilə birgə yeni, “Yalnız mədəniyyət” adlı layihəyə imza atmışdır. Bu layihənin əsas məqsədlərindən biri bölgələrdə teatrsevərləri bir araya gətirməkdir.

Elə bu səbəbdən də Şuşa Dövlət Musiqili Dram Teatrı teatr mövsümünü bölgələrə qastrol səfəri ilə başladı. Teatrın bölgələrə qastrol səfərini isə mədəniyyət sahəsinə hər zaman xüsusi qayğıyla yanaşan “Azərsun Holdinq” dəstəkləmişdir.

Sentyabr ayının 9-dan 11-ə qədər davam edən qastrol səfərində 23 nəfərlik teatr truppası Qazax, Ağstafa, Gədəbəy, Tovuz və Şəmkir rayonlarında olmuşlar.

Şuşa Dövlət Musiqili Dram Teatrı Tovuz, Qazax və Ağstafada “Azərsun Holdinq”in sponsorluğu ilə səhnələşdirilmiş, quruluşçu rejissoru Samir Qulamov olan Enurə Abdullayevanın “Ağ qayıq” əsərini nümayiş etdirmişdir. Şəmkir və Gədəbəy tamaşaçılarına isə teatr, quruluşçu rejissoru Kəmalə Məcidova olan Bilal Appayevin “Gözəlləri necə qaçırırlar” adlı əsərini təqdim etmişdir.

Bölgə teatrsevərlərinə təqdim edilmiş tamaşalarda, rollar əməkdar artist Şükufə Musayeva, aktyorlar Aybəniz Əhmədova, İqrar Salamov, Dürdanə Dünyamalıyeva, Püstəxanım Zeynalova, Zəhra Baxşəliyeva, Məmməd Məmmədov və başqaları tərəfindən böyük peşəkarlıqla ifa edilmişdir.

Şuşa Dövlət Musiqili Dram Teatrının qastrol səfəri ilə bağlı məlumat verən teatr kollektivinin rəhbəri Enurə Abdullayeva səfər zamanı tamaşaçıların böyük rəğbəti ilə qarşılandıqlarını bildirdi. Bölgələrdə teatr sənətinə böyük hörmətlə yanaşıldığını vurğulayan Enurə Abdullayeva, eyni zamanda təqdim edilmiş əsərlərin tamaşaçılarda yaratdığı təəssüratlardan da bəhs etdi. O, Qarabağ müharibəsində yaşanan hadisələrin “Ağ qayıq” əsərində canlanmasının, ailə-məişət problemlərini əks etdirən “Gözəlləri necə qaçırırlar” əsərinin nikbin əhval-ruhiyyə aşılamasının teatr həvəskarları tərəfindən böyük maraqla izləndiyini qeyd etdi.



[Əvvəlki] [Sonrakı]