İctİmaİ Məsulİyyət Laİhələrİ
“BÖYÜK TÜRK DÜNYASI VƏ BÖYÜK ERMƏNİSTAN XÜLYASI” KİTABI “AZƏRSUN HOLDİNQ”İN DƏSTƏYİ İLƏ İŞIQ ÜZÜ GÖRDÜ
29 oktyabr, 2008
Professor Vaqif Arzumanlı və Xöşqədəm Baxşəliyevanın birgə əməyi sayəsində ərsəyə gələn bu kitabın təqdimat mərasimi şirkətlər qrupunun mədəniyyət mərkəzində keçirilirdi.
Oktyabr ayında “Azərsun Holdinq”in mədəniyyət mərkəzində iki müəllifin hazırladığı böyük əhəmiyyət daşıyan kitabın təqdimat mərasimi keçirildi. “Türk dünyası və “Böyük Ermənistan” xülyası” adlı bu kitab şirkətlər qrupunun dəstəyi ilə ərsəyə gəlmişdir. Daim elm və mədəniyyəti dəstəkləyən “Azərsun Holdinq”də təşkil olunmuş tarixi faktlara əsaslanan bu kitabın təqdimat mərasiminə səfirlər, bir sıra dövlət məmurları və elm xadimləri ilə yanaşı KİV nümayəndələri dəvət edilmişdi.
Tədbirdə dəvət olunanlar arasında kitab haqqında fikir söyləyənlər də var idi. Belə ki, təqdimat mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Hulusi Kılıç, kitabın tarixi faktları özündə əks etdirdiyinə görə çox dəyərli kitab olduğunu vurğulamışdır. Bununla yanaşı cənab səfir bu kitabın yazılmasının bir vətənpərvərlik borcu olduğunu da qeyd etdi.
Daha sonra tədbirdə çıxış edən “Azərsun Holdinq”in prezidenti Abdolbari Goozal bəy müəlliflər tərəfindən hazırlanan bu kitabın vacibliyindən bəhs etdi. Tarixlər boyu ermənilərin Azərbaycana qarşı tutduqları zidd mövqe və törətdikləri vəhşiliklərin danılmaz həqiqət olduğunu dilə gətirən cənab Abdolbari Goozal bu kitabın yazılmasının təqdirəlayiq addım olduğunu da vurğuladı.
Eyni zamanda təqdimetmə mərasimində iştirak edən İraqın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ərşad İsmayıl, professor Musa Qasımlı, millət vəkilləri Rəbiyyət Aslanova, Azay Quliyev, Zahid Oruc, Aqil Abbas, Fazil Qəzənfəroğlu kitab haqqında öz müsbət fikirlərini dilə gətirdilər. Kitabın olduqca əhəmiyyət və mahiyyətinin böyük olduğunu vurğulayan çıxışçılar mövzunun hazırkı dövrdə də aktual məsələ olduğunu söylədilər.
Tədbirdə iştirak edən müəlliflər də kitab haqqında öz ürək sözlərini dilə gətirdilər. Belə ki, professor Vaqif Arzumanlı və “Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva tarixi sənədlərə əsaslanan “Türk Dünyası və “Böyük Ermənistan” xülyası adlı kitabın hazırlanması zamanı arxiv və s. bu kimi qaynaqlardan əlverişli istifadəsindən danışdılar. Kitabın ərsəyə gəlməsində istifadə olunan qaynaqların toplanmasında müəlliflər Türkiyənin müxtəlif şəhərlərində də araşdırmalar aparılmışlar.
Bilindiyi kimi ermənilərin Azərbaycan xalqına qarşı mənfi münasibətlərini dünyaya çatdırmaq hazırkı dövrdə əsas məsələlərdən sayılır. Buna görə də Xoşqədəm xanım və Vaqif bəy bu kitabı hazırlamasının əsas məqsədinin, ermənilərin ötən əsrlərdən bu günə qədər Azərbaycan xalqına qarşı törətdikləri amansız vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq olduğunu da dilə gətirdilər. Eləcə də, Xoşqədəm xanım kitabın müxtəlif dillərə tərcümə olunmasının faydalı olacağını vurğuladı.
Son olaraq müəlliflər kitabın işıq üzü görməsində “Azərsun Holdinq” rəhbərliyinə, eləcə də əməyi olan insanlara xüsusi təşəkkürlərini bildirdilər.
| [Əvvəlki] | [Sonrakı] |

