İCTİMAİ MƏSULİYYƏT LAYİHƏLƏRİ

"AZERSUN HOLDİING" TƏHSİL OCAĞINDA ƏMƏK YARMARKASI TƏŞKİL ETDİ

6 iyun, 2008

“Azersun Holding” Şirkətlər Qrupu təhsil ocaqlarında keçirilən bir sıra əmək yarmarkalarında iştirak etmişdir. Bunların sırasında Odlar Yurdu Universiteti də daxildir. Belə ki, 06.06.2008 tarixində respublikanın aparıcı özəl universitetlərindən biri olan Odlar Yurdu Universitetində “Azersun Holding” Şirkətlər Qrupunun İnsan Resursları Departamenti tərəfindən əmək yarmarkası təşkil olunmuşdu.

Əmək sərgisində universitetin rektoru və müəllim kollektivi də iştirak edirdi. İlk açılış çıxışını edən universitetin rektoru Əhməd Vəliyev, bacarıqlı kadr yetişdirməkdə təhsil ocaqlarının böyük rolu olduğunu vurğuladı. Eyni zamanda universitetin rektoru, mükəmməl potensiala sahib olan kadrların işverənlər tərəfindən öz bilik və bacarıqlarına uyğun işlə təmin olunmasında heç bir çətinlik çəkmədiklərini də qeyd etdi.

Əhməd Vəliyev, “Azersun Holding” Şirkətlər Qrupu ilə əməkdaşlıq etməkdən son dərəcə məmnun olduğunu da dilə gətirdi. Bununla yanaşı bacarıqlı məzunların bu kimi böyük müəssisələrdə müvafiq işlə təmin olunması ölkənin inkişafı baxımından da böyük əhəmiyyət daşıdığını bildirdi.

Daha sonra söz “Azersun Holding” Şirkətlər Qrupunun İnsan Resursları Departamentinin əməkdaşı Namiq Məmmədova verildi.

Namiq Məmmədov ilk olaraq “Azersun Holding” Şirkətlər Qrupunun fəaliyyəti haqqında məlumatları tədbir iştirakçılarına çatdırdı. Namiq Məmmədovun çıxışından sonra “Azersun Holding”in fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirildi.

Son olaraq söz İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin əməkdaşı Afiq Səfərova verildi. Tələbələrin suallarına geniş və əhatəli şəkildə cavab verən Afiq Səfərov, şirkətlər qrupunun bir çox sahələrdə fəaliyyət göstərdiyini də vurğuladı.

Daha sonra tələbələr “Azersun Holding” Şirkətlər Qrupunun İnsan Resursları Departamenti tərəfindən hazırlanmış anketlərini dolduraraq departamentin əməkdaşına təqdim etdilər.

Tədbirin sonunda Odlar Yurdu Universitetində holdinq tərəfindən qurulmuş dadım stendində tədbir iştirakçılarına çay və mürəbbə ikram edilməklə yanaşı hədiyyə paketləri də təqdim olundu.

[Əvvəlki] [Sonrakı]