İCTİMAİ MƏSULİYYƏT LAYİHƏLƏRİ
SAĞLAM DİŞLƏRLƏ MÜKƏMMƏL GÜLÜŞ
30 aprel, 2008
“Azersun Holding” Şirkətlər Qrupu ehtiyacı olan insanları daim diqqət mərkəzində saxlayır. Holdinqin sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi bu işlər isə ictimaiyyət tərəfindən çox yüksək dəyərləndirilir.
“Azersun Holding” Şirkətlər Qrupu 2008-ci il aprel ayının 30-da “HƏKİMLƏR/THE DOCTORS” Yerli Xeyriyyə İctimai Birliyi ilə birgə daha bir layihəyə imza atdı. Layihədə, Buzovna qəsəbəsində yerləşmiş 13 saylı internat məktəbinin uşaqlarının tibbi müayinədən keçirilməsi məsələsi nəzərdə tutulmuşdu. Bu cür layihələrdə böyük məmnunluqla iştirak edən holdinq, hər zaman olduğu kimi yenə də öz dəstəyini əsirgəməmişdir.
“HƏKİMLƏR/THE DOCTORS” Yerli Xeyriyyə İctimai Birliyinin bu layihədə məqsədi, ağız boşluğu sağlamlığını təmin etmək üçün dişlərin və diş ətinin profilaktikasının həyata keçirilməsinə ehtiyacı olan gənc nəslin bu xəstəliklərdən qorunması idi. Bununla bağlı, "HƏKİMLƏR/THE DOCTORS" Yerli Xeyriyyə İctimai Birliyi mart ayının 2-də Buzovnada yerləşən 13 saylı internat evində daimi olaraq yaşayan və köməyə ehtiyacı olan 6-14 yaş arası uşaqları müayinədən keçirmiş və onların əksəriyyətinin stomatoloji xidmətə ehtiyacı olduğunu müəyyən etmişlər. Həkimlərin rəyinə görə müayinə olunmuş uşaqlar arasında dişlərin odontogen və diş əti xəstəlikləri geniş yayılmışdır. İçməli su kimi kran suyundan istifadə edən bu uşaqların, diş pastası və diş fırçası haqqında məlumatları çox məhdud idi.
Aprel ayının 30-da “HƏKİMLƏR/THE DOCTORS” Yerli Xeyriyyə İctimai Birliyi yenidən 13 saylı uşaq evinin növbəti 12 nəfər uşağının dişlərinin müalicəsini reallaşdırdılar. Bundan əvvəlki müalicələrdən fərqli olaraq, onlar uşaqlar üçün daha maraqlı və unudulmaz bir mühit yaratdılar. Belə ki, dişlərinin müalicəsini gözləyən 12 nəfər uşaq, əyani şəkildə dişlərə gündəlik necə qulluq etməyin və onları necə fırçalamağın şahidi oldular. Bununla yanaşı, onlar həm də müstəqil olaraq düyüdən necə yemək hazırlamağı öyrəndilər. Bu cəhətdən layihədə iştirak edən “BİBİ” restoranının xidməti təqdirəlayiq idi.
Uşaqların sağlam gələcəyinin təmin olunması məqsədilə “Azersun Holding” Şirkətlər Qrupu və “HƏKİMLƏR/THE DOCTORS” Yerli Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən bu təqdirəlayiq layihə sosial məsuliyyətin nə dərəcədə əhəmiyyətli olmasının bariz nümunəsi idi.
| [Əvvəlki] | [Sonrakı] |

