İCTİMAİ MƏSULİYYƏT LAYİHƏLƏRİ
«I BEYNƏLXALQ ANIM FILMLƏRİ» FESTİVALI
25 fevral, 2008
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası, Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar olaraq yeni layihə hazırlamışdır. Layihəyə baş sponsorluq edən və həyata keçirilməsində əvəzsiz rolu olan “Azersun Holding” Şirkətlər Qrupu Azərbaycanın milli mədəniyyəti ilə yanaşı xüsusi qeyd edilən günlərə də daima hörmət və diqqətlə yanaşır.
Belə ki, Assosasiyanın təşkilatçılığı ilə fevralın son həftəsində "Azersun Holding" Şirkətlər Qrupunun baş sponsorluğu və «Mətanət A» şirkətinin sponsorluğu ilə ilk dəfə olaraq Xocalı soyqırımına həsr olunmuş Beynəlxalq Anım Filmlərinin nümayişi keçirildi. Layihənin informasiya dəstəyi isə ANS TV, ANS CM və www.anspress.com saytı tərəfindən həyata keçirilirdi.
Bununla əlaqədar Beynəlxalq Mətbuat Mərkəzində təşkilatçılar mətbuat konfransı təşkil etmişdilər. Mətbuat konfransında “Azersun Holding”in İctimaiyyətlə ƏLaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev, Festivalın Meneceri Teymur Nəcəfzadə və festivalın kuratoru Məmməd Nazimoğlu iştirak edirdi. Teymur Nəcəfzadə KİV nümayəndələrinə festivalla əlaqədar açıqlamalar verdi.
"26 fevral" Beynəlxalq Anım Filmləri layihəsi, Azərbaycanda və onun hüdudlarından kənarda lentə alınmış, Xocalı soyqırımından bəhs edən bədii və sənədli filmlərin nümayişini nəzərdə tutmuşdu. Xocalı əhalisinə və azərbaycanlılara qarşı törədilmiş soyqırıma həsr edilən "26 Fevral" I Beynəlxalq film festivalı, məhz filmlərin nümayişini qarşısına əsas məqsəd qoymüşdü. Üç gün (23-24-25 fevral) ərzində davam edən festival filmləri Rəşid Behbudov adına Mahnı Teatrında nümayiş etdirilmişdi. Qeyd etmək lazımdır ki, Azərbaycanda bu layihə çərçivəsində keçirilmiş ilk festivaldır! Festivalda, Ermənistan dövlətinin təcavüzü nəticəsində müharibəyə təhrik edilmiş Azərbaycan, işğal altında qalan torpaqlar və bu torpaqlardan qovulmuş, vəhşicəsinə və qəddarlıqla qətlə yetirilmiş, təhdidə məruz qalmış insanların yaşadıqları faciələrə həsr olunmuş bədii və sənədli filmlər nümayiş etdirilmişdir.
Festival, Xocalı faciəsi ilə bağlı filmləri əsas tutaraq bu mövzuya daha diqqətlə yanaşmış və bunun bir kino yarışması deyil, böyük hərflərlə FACİƏNİ VƏ SOYQIRIMI göstərməyə və yaşamağa çalışan yaradıcı insanların təşəbbüslərinin yarışması idi. Eyni zamanda bu festival vətəndaşlığın və peşəkarlığın qarşılığının təzahürü idi. Təşkilatçılar, Xocalı soyqırımına həsr olunmuş bu filmlərin beynəlxalq festivalını keçirməkdə məqsədin, yaşanmış faciəni öz daxilimizdən və çərçivəmizdən çıxartmaq cəhdi olduğunu qeyd etdilər. Onlar, Xocalı soyqırımının ildönümü münasibətilə növbəti, sıravi bir tədbirin hazırlanması ilə kifayətlənməyəcəklərini də vurğuladılar. Burada əsas məqsəd, bu festivalın ənənəvi olmasına, kinonun təsvir vasitələrinin köməyi ilə tariximizin ən qanlı günlərindən birinin daha geniş miqyasda anılmasına, başa düşülməsinə, qəbul edilməsinə nail olmaqdır.
"26 fevral" Beynəlxalq Anım Filmlərinin nümayişinə dəvətli ölkələr sırasında İran, Türkiyə, Gürcüstan, Ukrayna da var idi. Qeyd etmək lazımdır ki, 20-yə qədər sənədli və bədii filmin nümayişi nəzərdə tutulmuş bu festivalda filmlər və onların yaradıcıları Beynəlxalq Münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək mükafatlandırıldı. Tədbirdə iştirak edən “Azersun Holding” Şirkətlər Qrupu isə diplomla təltif olundu.
| [Əvvəlki] | [Sonrakı] |

