İCTİMAİ MƏSULİYYƏT LAYİHƏLƏRİ
"AĞ QAYIQ"
25 fevral, 2008
Fevralın 25-də “Azersun Holding” Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Təşkil olunmuş tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının səhnələşdirdiyi “Ağ qayıq” tamaşası nümayiş etdirildi.
Tədbirdə ilk olaraq çıxış edən teatrın direktoru Yadigar Muradov, doğma vətənimizə təcavüz etmiş mənfur ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən vəhşiliklərdən bəhs etdi. Daha sonra “Bakı Yağ və Qida Sənaye” ASC-nin əməkdaşı Şirzad Qəmbərov, şair Ənvər Əhməd, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktor müavini Elmira Qasımova və şair Qəşəm Rəcəbzadə çıxış edərək erməni qəsbkarlarının insanlığa sığışmayan vəhşiliklə nə qoca, nə körpə, nə də qadınlarımıza aman vermədən başına gətirdikləri dəhşətli hadisələrdən danışaraq torpaqlarımız uğrunda şəhid olmuş vətənimizin oğul və qızlarına həsr edilmiş şerlər söylədilər.
Sonra, tədbirin bədii hissəsində Elnurə Abdullayeva tərəfindən qələmə alınmış və Şuşa Dövlət Musiqili Dram Teatrının səhnələşdirdiyi “Ağ Qayıq” tamaşası nümayiş etdirildi. Bir hissədən ibarət olan bu faciə Xocalıda yaşanılmış hadisələrə həsr olunmuşdu.
Əsərdə iki gəncin, müharibədə ata-anasını itirmiş gənc qız və oğlanın saf məhəbbətindən bəhs olunur. Belə ki, Ağgülün sevgilisi, müharibədə erməni qəsbkarlarına əsir düşsə də gənc qız öz məhəbbətinə sadiq qalır və heç zaman ailə həyatı qurmadan ilk məhəbbətinin yolunu gözləyir.
Kağızdan ağ qayıqlar düzəldən Ağgül, ümidini itirmir və bu qayıqların nə vaxtsa onun Camalını geri gətirəcəyinə inanır. Əsirlikdə min-bir məşəqqətlərlə üzləşən gənc, geri qayıtdıqdan sonra sevgilisi ilə görüşməkdən boyun qaçırsa da onu unutmur və sonda, öz saf məhəbbətlərinə sadiq qalan bu iki insan bir-birinə qovuşur.
Müharibədə əsirlərin başlarına gətirilən faciələr və insan taleyinin müxtəlif mərhələləri bu əsərdə öz əksini tapmışdır. Quruluşçu rejissoru Samir Qulamov olan bu tamaşa, Gülnarə Abdullayeva, Ramil Zeynalov, Şükufə Musayeva, Etibar Cəfərov, Mahir Mirişov və digər aktyorlar tərəfindən böyük məharətlə ifa edilərək tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.
| [Əvvəlki] | [Sonrakı] |

