İCTİMAİ MƏSULİYYƏT LAYİHƏLƏRİ

MÖVLANƏ CƏLALƏDDİN RUMİ "AZERSUN HOLDING"DƏ MUĞAM GECƏSİ İLƏ ANILDI

20 fevral, 2008

“Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, eyibləri örtməkdə gecə kimi ol, təvazökarlıqda torpaq kimi ol, ürəyiaçıqlıq və səmimiyyətdə dəniz kimi ol, qəzəblənəndə ölü kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün kimi ol!”

M.C. Rumi



Milli-mədəni dəyərlərin qorunmasında əlindən gələni əsirgəməyən şirkətlər qrupu, bu dəfə Mədəniyyət Mərkəzinin qapılarını Mövlanəsevərlərin üzünə açdı.

Belə ki, 2008-ci il fevralın 20-də şərqin böyük mütəfəkkiri və bədii təfəkkür tarixində ölməz yer almış, türk əsilli Mövlanə Cəlaləddin Ruminin 800 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. “Azersun Holding” Şirkətlər Qrupu tərəfindən təşkil olunmuş bu tədbirə Azərbaycan ziyalıları, tanınmış söz və sənət ustaları dəvət olunmuşdu.

Belə ki, tədbirdə Milli Elmlər Akademiyasının əməkdaşı Hafiz Abıyev, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Məsiağa Məmmədli, muğam ustası, xanəndə Ağakərim Nafiz, “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli və şirkətlər qrupunun kollektivi iştirak edirdi.

Ədəbi-bədii gecənin aparıcısı rolunda iştirak edən “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli, Rumi gecəsinə toplaşmış tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü, ilk dəfə olaraq Mövlanənin məsnəvi və qəzəllərini Azərbaycan dilinə tərcümə etmiş MEA-nın əməkdaşı Hafiz Abıyevə verdi. Tədbiri giriş sözü ilə açan H.Abıyev, dahi ustadın əsərlərində özünə yer almış - insanlarla Allah arasındakı mənəvi sevginin ifadəsindən Mövlanəsevərlərə geniş şəkildə açıqlamalar verdi.

Çıxışlararası fasilələrdə Mövlanənin “Divani-Şəms”indən bir neçə qəzəl söyləyən Elçin Məmmədli, Rumisevərlər tərəfindən rəğbətlə qarşılandı.

Sonra isə söz ustad xanəndə, muğam ustası Ağakərim Nafizə verildi. Azərbaycanda ilk dəfə olaraq Rumi qəzəlləri üstə muğam dəstgahı oxuyan xanəndə, qonaqlar tərəfindən alqışlarla qarşılandı. Ustadın çıxışından sonra isə muğam müsabiqəsinin iştirakçılarından olan Xəyalə Abdullayeva, Natiq Nuruşov və Vasif Nuriyevin ifasında muğam və təsniflər səsləndi.

[Əvvəlki] [Sonrakı]