İCTİMAİ MƏSULİYYƏT LAYİHƏLƏRİ
"ALLAHIN EŞQİYLƏ"
31 yanvar, 2008
Əməkdar jurnalist Mirvari Rəhimzadənin böyük mesenat, Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 185 illiyinə həsr etdiyi “Allahın eşqiylə” kitabının “Azersun Holding” Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirildi.
“Azersun Holding”in maliyyə dəstəyi ilə daha bir kitab işıq üzü gördü. Bu, tanınmış jurnalist Mirvari Rəhimzadənin qələmə aldığı və 2008-ci il yanvarın 31-də şirkətlər qrupunun Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilmiş, H.Z. Tağıyevin anadan olmasının 185 illiyinə həsr olunmuş "Allahın eşqiylə" kitabı idi.
Mərasimin açılışında H.Z. Tağıyev haqqında qısametrajlı sənədli film nümayiş etdirildi. Sonra çıxış üçün ilk söz “Azersun Holding” Şirkətlər Qrupunun vitse-prezidenti Ahmet bəy Yemana verildi. Ahmet bəy Yeman tədbir iştirakçılarını salamlayaraq müəyyən səbəblərdən mərasimdə iştirak edə bilməyən cənab Abdolbari Goozal bəyin tədbir iştirakçılarına ünvanladığı məktubu, onların diqqətinə çatdırdı.
Keçmişi Xatırlamaq Gələcəyi Görmək Deməkdir
“Hörmətli qonaqlar! Bu gün, Siz “Azersun Holding”in Mədəniyyət Mərkəzində təşkil edilən mərasimdə iştirakınızla həm H. Z. Tağıyevin 185 illik yubileyinə, həm bu möhtəşəm şəxsə ithaf edilmiş “Allahın eşqiylə” kitabının təqdimatına, həm də belə hörmətli bir şəxsin keçmişinə qiymət vermiş olursunuz.. Siz öz iştirakınızla, eyni zamanda elm, incəsənət, təhsil və iqtisadi sahədə böyük nailiyyətlər əldə etmiş və tarixdə böyük izlər qoymuş Azərbaycan xadimlərinə bəslədiyiniz hörməti bəyan etmiş olursunuz. Biz iş adamları isə öz növbəmizdə H.Z. Tağıyevi özümüzə müəllim və ustad hesab edir, bir iş adamı kimi mən, Abdolbari Goozal H.Z. Tağıyev cənablarını belə yüksək dəyərləndirdiyinizə görə sizə öz minnətdarlığımı bildirirəm.
Hörmətli xanımlar və cənablar! Keçmişi xatırlamaq gələcəyi görmək deməkdir. Biz nə qədər fərqli vücudlarda olsaq belə, yenə də keçmişimizin təkrarıyıq. Gələcəyimizi düzgün istiqamətləndirmək üçün mütləq keçmişimizin yaxşı və yamanlıqlarını xatırlamalıyıq. Belə ki, biz Azərbaycanın bu günü ilə 90-cı illərini müqayisə edərkən və həmin illəri xatırlayarkən, Azərbaycan xalqının böyük bir fəlakətdən qurtulmasının və maddi rifah halının yaxşılaşdırılması yolunda atılan doğru addımlarının şahidi oluruq.
Qeyd etmək istəyirəm ki, yaxın keçmişdə bizlərə dayaq olmuş insanların yaxşılığını heç vaxt unutmur və onlara olan minnətdarlığımızı uyğun məqamda dilə gətirməyi özümüzə borc bilirik. Çoxumuzun şəxsən hüzurunda olduğu, böyük hörmət və ehtirama layiq olan Ulu öndərimiz Heydər Əliyevin, bu günkü sahibkarlığın inkişafı və iqtisadi tərəqqisi, iş adamlarına yaradılan əlverişli şərait, Azərbaycan xalqının iqtisadi və sosial rifahının yüksəlməsində rolu əvəzsizdir. Eyni zamanda Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, dünya dövlətləri sırasında siyasi, iqtisadi və mədəni cəhətdən tanınmasında Ümummilli liderimiz cənab Heydər Əliyevin xidmətləri yenə də xüsusilə vurğulanmalıdır. Bu uzaqgörən siyasətin davamçısı olan hörmətli Prezidentimiz İlham Əliyevə, xeyirxah H.Z. Tağıyev məktəbindən dərs alacaq iş adamlarına yaratdığı şəraitə görə öz minnətdarlığımızı bildirir, Allahdan möhtərəm Prezidentimizə cansağlığı arzulayıram.
Hörmətli qonaqlar! H.Z. Tağıyev əməllərini bir azərbaycanlı kimi və ya buradakı dəyərli ustadlar kimi bilməyimə imkan yoxdur. Ancaq bu insanın, bəlkə də həyata keçirdiyi minlərlə xeyirli işlərin içindən ikisini - 1900-cü ilin əvvəllərində Bakıda qızlar məktəbinin açılması və Bakı şəhərinə su çəkilməsini qeyd etmək istəyirəm. Bundan daha böyük nə ola bilər ki? Heç təsadüfi deyil ki, doğma Vətəninin inkişafı və tərəqqisi yolunda böyük səy və mərdanəliklə gördüyü işlərin müqabilində, o əbədi olaraq el atası titulunu qazanıb. Xalqın qəlbindən qopan bu səmimi ifadədən dəyərli heç nə ola bilməz.. Azərbaycana göz gəzdirəndə mərhum H.Z. Tağıyevdən bir əsər görür və bəzən müştərək nöqtələrimizin olduğuna da inanıram. Bizi ən çox birləşdirən isə H.Z. Tağıyevin bu sözləridir:
“Mən sərvətimin miqdarına görə burjua nümayəndəsi, qəlbimə görə fəhləyəm. Fəhlə vicdanı məni həmişə sadə xalqa tərəf çəkir. Və buna görə onun nə qədər əziyyət çəkdiyini hiss edirəm və ona böyük hörmətim vardır.” Bugünkü təqdimatda “Allahın eşqiylə” adlı kitabında H.Z. Tağıyevin dəyərli və unudulmaz xatirələrini qələmə alan müəllifin, Azərbaycan xalqına bu bir töhfəsidir. Azərbaycan jurnalistikasında öz dəsti-xətti olan Mirvari xanım Rəhimzadəyə həyatında müvəffəqiyyətlər arzu edirəm.”
Diqqətinizə görə təşəkkür edirəm
Abdolbari Goozal
Təşkil olunmuş tədbirdə, millət vəkilləri, elm xadimləri, Tağıyevsevərlər və eləcə də, Hacı Zeynalabdin Tağıyevin nəticəsi iştirak edirdi.
Təqdimat mərasimində bir sıra ziyalılar H.Z. Tağıyev haqqında fikirlər söylədilər. Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri akad. Ziyad Səmədzadə, akad. Vasim Məmmədəliyev, akad. Teymur Bünyadov və digərləri H.Z. Tağıyevin xalqın qəlbində qazandığı məhəbbətdən, gördüyü işlərdən geniş bəhs edərək, “Azersun Holding”in bu təşəbbüsünə görə dərin təşəkkürlərini bildirdilər.
H.Z. Tağıyevin xatirəsinin əbədiləşdirilməsinin zəruriliyini vurğulayan tədbir iştirakçıları, ölkə başçısının H.Z. Tağıyev irsinə olan hörməti və bu istiqamətdə apardığı fəaliyyətlərini təqdirlə qeyd etdilər.
Eyni zamanda tədbirdə bədii qiraət ustalarının ifasında “Allahın eşqiylə” kitabından maraqlı parçalar səsləndirildi.
Tədbirdə, Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 185 illiyi münasibətilə iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə müraciət qəbul edildi. Tədbirin sonunda isə “Azersun Holding” Şirkətlər Qrupunun rəhbərliyi adından, kitabın müəllifi, əməkdar jurnalist Mirvari Rəhimzadəyə təşəkkür plaketi təqdim olundu.
| [Əvvəlki] | [Sonrakı] |

