İctİmaİ Məsulİyyət Laİhələrİ
UNESCO 2007 Ümumdünya Mövlanə İli
6 iyun, 2007
"Azersun Holding" Şirkətlər Qrupunun təşkilati dəstəyi ilə Mədəniyyət Mərkəzində Türkiyənin tanınmış məsnəvişünası H. Nur Artıranın "Məsnəvidən Seçmələr" kitabının təqdimat mərasimi keçirildi.
TÜSİAB qadın təşkilatı tərəfindən 06.06.2007 tarixində təşkil olunan və "Azersun Holding" Şirkətlər Qrupunun təşkilati dəstəyi ilə Mədəniyyət Mərkəzində Türkiyənin tanınmış məsnəvişünası H. Nur Artıranın "Məsnəvidən Seçmələr" kitabının təqdimat mərasimi keçirildi.
Bununla yanaşı H. Nur Artıran, "Mövlanəni anlamaq" başlığı altında konfrans verdi.
Tədbirdə "Azersun Holding" Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal, holdinqin vitse-prezidenti Ahmet Yeman və Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) idarə heyətinin sədri dok. Bataçar Baysalla yanaşı cəmiyyət üzvləri və holdinq kollektivi iştirak edirdi.
Konfransda məruzəçi olaraq iştirak edən H. Nur Artıran çıxışına Mövlanə Cəlaləddin Ruminin bir beyti ilə başladı: "Mən anıldığım yerdəyəm anılmaq diləyimdir" deyərək o, öz çıxışına davam etdi: "2007-ci il UNESCO tərəfindən Beynəlxalq Mövlanə İli" olaraq elan edildi. İnsanlığın unudulduğu, müsəlmanlığın səhv başa düşüldüyü bir dövrdə UNESCO-nun atdığı bu addım mənəvi addımdır. Mövlanə Cəlaləddin Rumi, Həzrəti Məhəmməd Peyğəmbərin əxlaqını yüksək səviyyədə yaşamışdır. Peyğəmbərlər tarixinə nəzər salsaq görərik ki, ümmətlərin peyğəmbərləri üsyan etdikləri üçün həmin qəbilələr həlak olmuşlar. Ancaq Həz. Məhəmməd Peyğəmbər hər nə olursa olsun ümmətindən narazı olmamış, şikayət etməmiş, öz ümmətinin daima Allahdan bağışlanmasını istəmişdir. Müəllimim məsnəvişünas Şefik Can 96 il ömür sürmüş və bu illər ərzində Mövlanənin əsərləri üzərində bir çox araşdırmalar aparmışdır. Şefik Can demişdir ki; "Mövlanənin sirri məsnəvisində gizlidir".
Bildiyiniz kimi "Məsnəvi" bir çox dünya dillərinə tərcümə edilmişdir. Bu əsər 2002-ci ildə "Nobel" Mükafatına layiq görülərək "Bütün dövrlərin ən əhəmiyyətli əsəri" adını almışdır. "Məsnəvi" şer janrıdır. Bütün təsəvvüf şairləri məsnəvi janrından istifadə etmişlər. Ancaq hara gedirsiniz gedin məsnəvi deyincə ilk olaraq ağıla Mövlanə Cəlaləddin Rumi gələcəkdir. Heç şübhəsiz ki, "Məsnəvi" şəffaf qəlblərin şəfasıdır, insanı qəm-qüssədən uzaqlaşdırır."
Daha sonra söz "Azersun Holding" Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozala verildi. Abdolbari Goozal tədbir iştirakçılarını salamlayaraq çıxışına başladı: "Nur xanım bizim ruhumuza xitab etdi. Mən də gənc yaşlarımda axtarışlar içərisində idim. Şah dövrünə və Rusiyaya baxıb deyirdim görəsən qurtuluş haradadır. Allah bizləri buraya müsibətə düçar olmaq üçün göndərməyib. Tehranda kitab mağazasına gedib dedim, mənə elə bir kitab verin ki, ümumi izahı olsun. Satıcı dedi ki, sənə "Məsnəvi-Mənəvi" verəcəyəm. Dedim ki, Qur'anla onun nə əlaqəsi var. Dedi ki, bu kitabı oxusan Qur'anı dərk edərsən.
Hal-hazırda insanlarda boşluq var. Mövlanə islamı asan dillə açıqlamışdır. "Nə olursan ol yenə gəl". Bu əsərin qısa zaman ərzində Azərbaycan dilində də oxudulacağını ümid edirəm." Deyərək Abdolbari Goozal çıxışını yekunlaşdırdı.
Tədbirdə "Məsnəvi"ni Türk dilindən Azərbaycan dilinə tərcümə edən Azad Yaşar da iştirak edirdi. Azad Yaşar öz çıxışında əsərin çox əhəmiyyətli əsər olduğunu vurğuladı.
Çıxışlardan sonra "Yuğ" Teatrının nəzdində fəaliyyət göstərən "Savalan" autentik musiqi qrupunun ifasında Mövlanə Cəlaləddin Ruminin əsərlərindən parçalar səsləndirildi.
Proqramın sonunda TÜSİAB-ın təşəkkür plaketini H. Nur Artırana Abdolbari Goozal təqdim etdi. Bununla yanaşı "Yuğ" Teatrının nəzdində fəaliyyət göstərən "Savalan" autentik musiqi qrupuna da TÜSİAB idarə heyətinin sədri tərəfindən təşəkkür plaketi təqdim olundu.
Mövlanə Cəlaləddin Rumi: əsil adı Məhəmməd Cəlaləddindir. Mövlanə və Rumi adları isə sonradan verilmişdir. Mövlanə Cəlaləddin Rumi 1207-ci ildə Əfqanıstanda dünyaya gəlmişdir. Cəlaləddin Ruminin "Məsnəvi"si 6 cild 25 min beytdən ibarətdir.
Həyat-Nur Artıran 1955-ci ildə Türkiyənin Malatya şəhərində dünyaya gəlmişdir. Təhsilini başa vurduqdan sonra bir çox xarici firmalarda rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir. Mövlanə Cəlaləddin Ruminin əsərləri üzərində bir sıra tədqiqat işləri aparmış məsnəvişünas Şefik Canın uzun müddət assistent olaraq fəaliyyət göstərmişdir. Müəllimi Şefik Can adına "Cəvahiri-məsnəviyə", "Məsnəvidən Hekayələr" və Türkiyə Respublikasının Təhsil Nazirliyinin tövsiyəsi ilə "Məktəblər üçün Məsnəvidən Seçmələr" adlı kitabları nəşrə hazırlamışdır. XVII əsrdən sonra ilk dəfə Mövləvilik baxımından mənəvi dəyəri çox yüksək olan "Dəsdar" (Mövləvilərdə, sarıqla eyni mənanı daşıyan "dəsdar" kəlməsi istifadə olunurdu.) verilən və Məsnəvixanlıq icazəsi verilən ilk qadındır. Hal-hazırda İstanbul bələdiyyəsinin dəstəyi ilə Zafer Tunaya Mədəniyyət Mərkəzində mütəmadi olaraq "Məsnəvi" söhbətləri apararaq Mövləviliklə bağlı tədqiqatlarını davam etdirir.
| [Əvvəlki] | [Sonrakı] |

