İctİmaİ Məsulİyyət Laİhələrİ
9-cu Beynəlxalq Bakı "Energiya Ekologiya Ekonomiya" Konqresi
7 iyun, 2007
Bir sıra ekoloji problemlərin meydana gəldiyi bir dövrdə bununla bir çox məsələlər 9-cu Beynəlxalq Bakı "Energiya Ekologiya Ekonomiya" Konqresində müzakirə edildi.
"Azersun Holding" Şirkətlər Qrupunun təşkilatı dəstəyi ilə 07.06.2007 tarixində Mədəniyyət Mərkəzində Beynəlxalq Ekoenergetika Akademiyasının təşkil etdiyi 9-cu Beynəlxalq Bakı "Energiya Ekologiya Ekonomiya" Konqresi keçirildi.
Konqres iyun ayının 07-dən 09-a kimi davam etdi. Konqresə Respublikamızın və bir sıra xarici dövlətlərin professor və alimləri dəvət olunmuşdu. Keçirilən konqresdə hazırkı dövrümüzlə bağlı əsas məsələlər müzakirə olundu. Belə ki, konqres iştirakçıları "Qlobal itiləşmə, atmosferin çirklənməsi, Xəzər dənizinin ekoloji problemləri, torpağın və su ehtiyatlarının qorunması, enerji effektivliyi, alternativ enerji mənbələrindən istifadə, kadiasiya problemləri, tullantıların idarə olunması, yanacaq energetika kompleksinin ekoloji problemləri ilə bağlı məsələlərə toxundular.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyevlə yanaşı holdinq rəhbərliyi də iştirak edirdi.
Konqresə Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və digər dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, xarici neft şirkətlərinin nümayəndələri eyni zamanda Almaniya, Yaponiya, Rusiya, Türkiyə, İran, Liviya və Yəmənli alimlər iştirak edirdi.
Alimlər tərəfindən konqresə 200 məruzə təqdim olunmuşdur.
Burada əsas məqsəd elm adamlarının və belə məsələlərlə məşğul olan mütəxəssislərin, dövlət rəsmiləri ilə özəl qurumların, sərmayədarların və ictimaiyyətin diqqətini Azərbaycan və Xəzər regionundakı ekoloji problemlərinə cəlb etməkdi.
BEA-nın prezidenti Fəqan Əliyev açılış çıxışında, dünyadakı təbii fəlakətlərin baş verdiyi, məişət, sənaye tullantılarının böyük problemlərə yol açdığı bir dövrdə bu kimi tədbirlərin keçirilməsinin çox məhsuldar olacağını söylədi.
Bununla yanaşı Fəqan Əliyev Xəzər hövzəsində və ümumiyyətlə Abşeron yarımadasında neft-qaz istehsalı ilə əlaqədar bir sıra işlərin görülməsinin, qaz kəmərlərinin çəkilməsində Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rol oynayacağını vurğuladı.
Fəqan müəllim Qlobal istiləşmə, insanların enerji mənbələrinə və təbii sərvətlərdən qənaətlə istifadə etməməyin, enerjiyə qarşı olan ehtiyacın gedərək artması kimi bir sıra çətin problemlərin yaranmasına səbəb ola biləcəyini söylədi.
Daha sonra söz Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırova verildi. Nazir öz çıxışında ölkədə gedən proseslərin gələcəyinin olduğunu söylədi. Artıq ölkədə bir çox sahələrin inkişaf etdiyini bildirdi. Bununla yanaşı Azərbaycan iqtisadiyyatında da irəliyə doğru müsbət inkişafın olduğunu söyləyən nazir Azərbaycan xalqının çətin illərdə dözümlülük və möhkəm iradə ilə gələcək üçün çalışdıqlarını bildirdi.
Ümummilli lider Heydər Əliyevin də uzaqgörən siyasəti nəticəsində ölkənin iqtisadi baxımdan inkişafında da müsbət irəliləyişlər olduğunu vurğuladı. Bununla yanaşı ekoloji problemlərlə bağlı məsələlərə baxılır və bu istiqamətdə işlər aparılır. Hal-hazırda ölkə iqtisadiyyatının 40 faizlik templə inkişaf etməkdə olduğunu söyləyən Hüseyn Bağırov qeyri-neft sektorundakı inkişafın yüksək tempdə irəlilədiyini və gələcəyin də parlaq olduğunu vurğuladı.
Beynəlxalq tədbirdə dünyadakı ekoloji sistemlərin pozulmasına və ekoloji gərginliyə səbəb olan bir sıra problemlər, iqlim dəyişiklikləri, atmosferə buraxılan zərərli qazların azaldılması və qlobal istiləşmə ilə bağlı məsələlər müzakirə olundu.
Bununla yanaşı tədbirin açılışında xarici ölkədən təşrif buyurmuş alimlər də bir sıra çıxışlar etdilər. Konqresin çox böyük əhəmiyyət kəsb etdiyini və məhsuldar olacağını vurğuladılar.
Tədbirin açılışından sonra konqres seksiya iclaslarla davam etdi. Seksiya iclaslar 6 mövzu başlığı altında keçirildi. Burada, Neft Yataqlarının işlənməsi və Texnologiyası, Riyaziyyat seksiyası, Elektrik enerjisi, Xəzərin bioloji müxtəlifliyi və ekoloji problemləri, Biologiyada və tibbidə ekoloji məsələlər NANA texnologiya radiasiya təhlükəsizliyi, Su və torpaq resursları və torpaqların rekultivasiyası mövzuları müzakirə edildi.
Üç gün davam edən tədbir iyun ayının 9-da yekunlaşdırıldı.
Beynəlxalq Ekoenergetika Akademiyası qlobal enerji və ətraf mühit problemlərinin öyrənilməsi, enerjiyə qənaət edən texnologiyaların tədqiqi, ekologiyanın qorunması sahəsində tədqiqatları ilə məşhur olan elm ocaqlarından biridir. Ekoenergetika Akademiyası Xəzər regionunda bir sıra əhəmiyyətli layihələr həyata keçirməkdədir. Xəzər dənizinin ekologiyasının vəziyyəti, mövcud neft və qaz kəmərlərinin regionun flora və faunasına, insan səhhətinə təsirinin iqtisadi, sosial və hüquqi aspektləri sahəsində elmi araşdırmalarının hazırlanmasında Akademiyanın bilavasitə iştirakı və dəstəyi olmuşdur.
| [Sonrakı] |

