Azersundan xəbərlər

“AZƏRSUN HOLDİNQ” BEYNƏLXALQ “WORLD FOOD MOSCOW-2009” QİDA SƏRGİSİNDƏ İŞTİRAK ETDİ

15 sentyabr, 2009

15-18 sentyabr tarixlərində Moskva şəhərində Rusiya qida bazarının ən əlamətdar hadisəsi olan 18-ci Beynəlxalq “World food Moscow-2009” sərgisi keçirilmişdir. 63 ölkənin iştirak etdiyi bu sərgidə 1300-dən artıq şirkət öz məhsullarını nümayiş etdirmişdir. 4 gün ərzində “World food Moscow-2009”-u 50 minə yaxın insan ziyarət etmişdir.  Ziyarətçilərin 60 faizini isə topdan və pərakəndə ticarətçilər təşkil etmişdir.

“World food Moscow-2009”-da ölkəmizi “Azərsun Holdinq” təmsil etmişdir. Yüksək keyfiyyətli məhsulların istehsalçısı, Azərbaycanın layiqli təmsilçisi olan holdinq sərgi iştirakçılarının böyük rəğbətini qazanmışdır.

“Made in Azerbaijan” adını dünyada tanıtmaq məqsədilə holdinq tərəfindən atılan addımlar özünü doğrultmaqda davam edir. “World food Moscow-2009” sərgisində bu bir daha təsdiqləndi. Belə ki, “Azərsun Holdinq” stendinə yaxınlaşan ziyarətçilər hələ sovet dövründən Azərbaycan çayının mükəmməl dadı ilə tanış olduqlarını və bu gün şöhrətli Azərbaycan çayının varisi hesab olunan “Azerçay”ı sevə-sevə istehlak etdiklərini bildirdilər. Sərgidə təqdim olunan məhsullardan “Azerçay” və “Maryam” çayları ilə yanaşı, “Bizim tarla” mürəbbə və turşu çeşidləri, “Final” tomat pastası, yaşıl noxud məhsulları da böyük maraqla qarşılanmışdır. Sərgi zamanı holdinq nümayəndələri ilə 150-dən artıq işgüzar görüş keçirilmiş, əməkdaşlığa dair ilkin protokollar imzalanmışdır.

Sərginin sonuncu günü isə, istehsal etdiyi məhsulların maraq dairəsində olmasına və sərgidə fəal  iştirakına görə “Azərsun Holdinq” diplomla təltif olunmuşdur.

Ümumiyyətlə, “Azərsun” stendinə göstərilən böyük maraq və keçirilən işgüzar görüşlərə görə “Worldfood Moscow-2009”-u holdinqin növbəti beynəlxalq uğuru kimi qiymətləndirmək olar.



[Əvvəlki] [Sonrakı]