Azersundan xəbərlər

TİCARƏT ƏLAQƏLƏRİNİN İNKİŞAFI YOLUNDA

8 sentyabr, 2009

Rusiya Ticarət Palatasının Azərbaycan üzrə nümayəndəsi Yevgeni Şedrin Xaçmaz rayonuna səfər etmişdir. Səfərin məqsədi iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə xidmət etmək olduğu üçün nümayəndə heyəti yerli sahibkarlarla görüşmüş  və müəssisələri ziyarət etmişdir.

Y.Şedrinin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşündə də əsas müzakirə mövzusu ticarət münasibətlərinin qurulması məsələsi olmuşdur.

08/09/2009 tarixində Xaçmaza səfər zamanı Yevgeni Şedrinin rəhbərliyi ilə Aleksandr Sibizov, Gündüz Hamzayev və başqalarının daxil olduğu nümayəndə heyəti Qafqaz Konserv zavodunu ziyarət etmişdirlər. Zavodun rəhbəri Əmir Zeynalzadənin qarşıladığı nümayəndə heyəti zavod ərazisini və digər sahələri dolaşaraq müəssisənin iş fəaliyyəti ilə yaxından tanış olmuşdurlar.

Y.Şedrin müəssisədə Müstəqil Dövlətlər Birliyi ölkələrinin Standartlaşdırma bürosunun nümayəndə heyəti ilə qarşılaşmışdır. Ayaqüstü söhbət zamanı təsadüfən eyni gündə müəssisəmizə gələn hər iki nümayəndə heyəti müəssisəmiz haqqında öz təəssüratlarını bölüşmüş, tətbiq edilmiş ən son texnologiyalar və əmək şəraitindən məmnunluqlarını bildirmişdirlər.

Müəssisə ilə tanışlıqdan sonra görüş keçirilmişdir. Görüş zamanı Y.Şedrin qlobal maliyyə böhranının Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinə ciddi təsir etmədiyini bildirmişdir. Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri həmçinin onu da qeyd etmişdir ki, 2009-cu ildə ticarət dövriyyəsində azalma olmayacaqdır. Yevgeni Şedrin hesab edir ki, ölkəsinin Azərbaycanla iqtisadi əlaqələri hər iki dövlətdə böhranın nəticələrini neytrallaşdırmağa imkan verəcəkdir: “Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşı mövqeyini bu il də qoruyub saxlayacaqdır. Proqnozumuza görə, bu il ölkələrarası ticarət dövriyyəsi ötən ilki kimi sabit qalacaqdır.”

Y.Şedrin iqtisadi əlaqələri inkişaf etdirmək üçün sahibkarların qarşılıqlı səfərlərinin nəzərdə tutulduğunu da qeyd etmişdir. Belə ki, o, yaxın aylarda Rusiyanın Stavropol, Tambov, Həştərxan vilayətləri və Tatarıstandan olan iş adamlarının Azərbaycana səfər edəcəklərini bildirmişdir.

Görüşün sonunda Y.Şedrin onlara göstərilmiş səmimiyyətə və qonaqpərvərliyə görə təşəkkür etmişdir.  


 

[Əvvəlki] [Sonrakı]