Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ” AZƏRBAYCAN-RUSİYA İQTİSADİ-TİCARİ ƏMƏKDAŞLIĞIN ƏN FƏAL İŞTİRAKÇISI MÜSABİQƏNİN QALİBİ OLDU
3 iyul, 2009
İyul ayının 3-də Rusiyanın Azərbaycandakı Səfirliyi və Ticarət Palatasının dəstəyi ilə Azərbaycan Rusiya İşgüzar Əməkdaşlıq Palatası tərəfindən 2008-ci ilin yekunlarına əsasən təşkil olunmuş “Proqress” mükafatının təqdimetmə mərasimi “Azərsun Holdinq”in baş sponsorluğu ilə keçirilmişdir. Zalda şirkətimizin təşkil etdiyi, milli üslubda işlənmiş “Azərçay” dadım stendi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Azərbaycanın daxili qida təhlükəsizliyini təmin edən “Azərsun Holdinq”, həmçinin bir çox ölkələrə qida məhsullarını ixrac etməklə, həmin ölkələrin yüksək keyfiyyətli qida məhsulları ilə təmin olunmasında mühüm rol oynayır. Holdinq eksportunun əsas istiqamətlərindən biri də Rusiya Federasiyasıdır. Rusiya istehlakçısı artıq 10 ildən çoxdur ki, “Azərsun Holdinq”in məhsullarından istifadə edir. “Azərçay” və “Məryəm” çayları, konserv məhsullarımız, xüsusi ilə müxtəlif çeşidli mürəbbələrimiz Rusiya bazarlarında geniş şəkildə təqdim olunmuşdur. Moskvada və digər şəhərlərdə mütəmadi olaraq keçirilən müsabiqələrdə isə holdinq məhsulları ən yüksək mükafatlara layiq görülür.
“Proqress” mükafatının təqdimetmə mərasiminə bir çox şirkətlərin nümayəndələri də təşrif buyurmuşdular. Tədbirdə 2008-ci ildə Azərbaycan-Rusiya ticarətinin və iqtisadi əlaqələrinin ən yaxşı iştirakçıları müxtəlif nominasiyalarda mükafatlarla təltif olundular.
“Azərsun Holdinq” “Məryəm” və “Azərçay” Azərbaycan brendlərinin Rusiya bazarında tanınması istiqamətində əldə etdiyi nailiyyətlərinə görə “Azərbaycan-Rusiya ticari-iqtisadi əməkdaşlığın ən fəal iştirakçısı” müsabiqəsinin qalibi olaraq “Proqress-2008” mükafatı ilə təltif olundu. Mükafat Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin tərəfindən İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayevə təqdim edildi.
| [Əvvəlki] | [Sonrakı] |

