Azersundan xəbərlər
ŞUŞA MUSİQİLİ DRAM TEATRI MÖVSÜMÜ “GÖZƏLLƏRİ NECƏ QAÇIRIRLAR?” KOMEDİYASI İLƏ YEKUNLAŞDIRDI
25 iyun, 2009
Şuşa Musiqili Dram Teatrı mövsümü hər il olduğu kimi maraqlı tamaşa ilə yekunlaşdırdı.
Tamaşadan öncə, 18-ci teatr mövsümünün yekunu tədbirində iştirak edən “Azərsun Holdinq” İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev, teatrın direktoru Yadigar Muradov və aktyor heyətinin rəhbəri Enurə Abdullayeva Şuşa Musiqili Dram Teatrının fəaliyyəti barədə öz xoş fikirlərini söylədilər.
Bilal Appayevin “Gözəlləri necə qaçırırlar?” komediyasının əsas mövzusu, ailə-məişət problemlərini və tüfeyli həyat tərzi sürən insanların gündəlik həyatını özündə əks etdirmişdir.
İki hissə və 8 şəkildən ibarət olan bu komediyada hadisələr ucqar dağ kəndlərinin birində baş verir. Atası ilə birgə kəndə köçən Roza adlı dul qadın, qonşu kişilərin diqqətini cəlb edir. Bu kişilər həmin qadınla tanış olmaq, onun ürəyinə yol tapmaq üçün gülməli vəziyyətə düşürlər. Bəşirlə Ruslanın arvadları bundan xəbər tutduqda isə onları evdən qovurlar. Lakin kişilər Rozadan əl çəkmirlər. Vaxtı ilə Bəşirin anasını dostu üçün qaçırdığına görə kənddən qaçaq düşmüş Rozanın atası Hopay bu işdən xəbər tutduqda qızı ilə birlikdə plan hazırlayırlar. Həmin plan nəticəsində Bəşirlə Ruslan bütün ailə üzvlərinin qarşısında ifşa olunurlar.
Quruluşçu rejissor Kəmalə Məcidova tərəfindən səhnələşdirilən bu tamaşada obrazları Şuşa Musiqili Dram Teatrının istedadlı aktyorları canlandırmışdı. Tamaşada əsas rolları Respublikanın əməkdar artisti Şükufə Musayeva, İqrar Salamov, Elnarə Mustafayeva, Azad Məmmədov və Məlahət Əhmədova ifa edirdilər.
Qeyd etmək lazımdır ki, 1933-1938-ci illərdə kolxoz-sovxoz teatrı olaraq fəaliyyətə başlayan bu mədəniyyət ocağı 1943-1948-ci illərdə Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov adına Şuşa Musiqili Dram Teatrı kimi fəaliyyətini davam etdirmişdir. 1992-ci ildən isə fəaliyyətini Bakıda davam etdirir.
Şuşa Musiqili Dram Teatrı tərəfindən səhnələşdirilən bir sıra tamaşalar dəfələrə “Azərsun Holdinq”in Mədəniyyət Mərkəzində tamaşaçı qarşısına çıxarılmış və tamaşaçı alqışlarına layiq görülmüşdür.
| [Əvvəlki] | [Sonrakı] |

