Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ” MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ GƏNC İFAÇI RAMİL QASIMOVUN “HƏRBİ VƏTƏNPƏRVƏRLİK” MAHNILARINDAN İBARƏT DİSKİNIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ.
16 iyun, 2009
Gənc istedadları daim dəstəkləyən “Azərsun Holdinq”, “15 iyun Milli Qurtuluş Günü” ərəfəsində hərbi vətənpərvərlik mövzusunda daha bir tədbiri həyata keçirdi.
Holdinqin Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Musiqili Komediya Teatrının və Azərbaycan Dövlət Televiziyasının solisti, vokalçı Ramil Qasımovun “Hərbi vətənpərvərlik” mahnılarından ibarət diskin təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində Azərbaycan teatr sənətinin korifeyləri də iştirak edirdi. Yaşar Nuri, Afaq Bəşir qızı, İlham Namiq Kamal, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, vokalçı Teymur Əmrah həyata keçirilən layihənin əhəmiyyətindən danışaraq Ramilə sənət uğurları arzuladılar.
“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev gənclərin yaradıcılığında hərbi-vətənpərvərlik mövzusuna daha geniş yer ayırmalarının zəruriliyini qeyd edərək, “Azərsun Holdinq”in daim bu mövzuda təqdim olunan layihələri dəstəklədiyini bildirdi.
Gənc ifaçının ünvanına söylənən xoş sözlərdən sonra Ramil Qasımov diskdə yer alan mahnıları ifa etdi.
Ramil Adıgözəl oğlu Qasımov 1984-cü ilin dekabrın 10-da Bakı şəhərində anadan olub. 2000-ci ildə M. Müşfiq adına orta məktəbi bitirmişdir. 2005-ci ildə Mədəniyyət və İncəsənət Universitetində Solo oxumaq ixtisası üzrə kamera və opera müğənnisi ixtisasına yiyələnmişdir.
Musiqili Komediya Teatrında oynadığı rollar: O. Kazımi, R. Zöhrabov "Qızıl toy" Azər, A. Şaiq, R. Şəfəq, C. Məmmədov "Bir saatlıq xəlifəlik" Malik, R. Əhədzadə, E. Sabitoğlu "Hələlik" Mirzə, Ü. Hacıbəyov "O olmasın, bu olsun" Sərvər, V. Adıgözəlov, Anar "Aldın payını, çağır dayını" “Fağır-Bağır”.
| [Əvvəlki] | [Sonrakı] |

