Azersundan xəbərlər
TƏHLÜKƏSIZ ƏMƏK HƏR BIR INSANIN HÜQUQUDUR
28 aprel, 2009
Təhlükəsiz əmək və sağlam iş yeri layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirən “Azərsun Holdinq” 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar təşkil olunmuş konfransda iştirak etmişdir. Konfrans şirkətlər qrupunun mədəniyyət mərkəzində təşkil olunmuşdu.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi tərəfindən təşkil olunmuş bu konfransda müxtəlif şirkətlərin nümayəndələri iştirak etmişlər. Çıxış edən iştirakçılar müəssisələrdə əməyin mühafizəsi ilə bağlı həyata keçirilən işlərdən bəhs etmiş, mövzu ilə əlaqədar öz fikirlərini bildirmişlər.
Qeyd etmək lazımdır ki, əməyin mühafizəsi ilə bağlı məsələlərə “Azərsun Holdinq” tərəfindən çox ciddi şəkildə riayət olunur və bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Öz çıxışında şirkətlər qrupunun koordinatoru Rahmi Yaşar da bu məsələyə toxunmuş və holdinq tərəfindən həyata keçirilən təhlükəsiz əmək və sağlam iş yeri layihəsi haqqında ətraflı məlumat vermişdir.
O, qeyd etmişdir ki, “Azərsun Holdinq”də yüksək keyfiyyətli məhsul istehsalı ilə yanaşı, eyni zamanda işçilər də beynəlxalq standartlara uyğun iş şəraiti ilə təmin edilmişdir. Şirkətlər qrupunun fabrik və zavodlarında çalışan işçilərin həm gigiyenik, həm də iş şəraitinə uyğun xüsusi işçi forması, geyimlə təmin edilməsi, müəssisələrdə lazımi təhlükəsizlik tədbirlərinin görülməsi və s. əməyin mühafizəsi ilə əlaqədar həyata keçirilən tədbirlərdəndir.
Daha sonra tədbirdə Dövlət Əmək Müfəttişliyinin fəaliyyətinin əsas göstəriciləri səslənmişdir.
Diqqətinizə çatdırmaq istəyirik ki, Azərbaycanda əməyin mühafizəsi ilə bağlı milli qanunvericiliyin əsasını Konstitusiyanın 35-ci maddəsi, yəni “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu, Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasının əsas prinsiplərinə ölkənin Əmək Məcəlləsində geniş yer verilmişdir.
Əmək Məcəlləsinin 317 maddəsindən 33-ü məhz əməyin mühafizəsi norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə etməklə, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin müəyyən edilməsinə həsr olunmuşdur. Əməyin mühafizəsi sahəsində Azərbaycanda dolğun qanunvericilik bazası formalaşdırılıb və 1997-ci ildə vətəndaşların əmək hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi yaradılıb. Bu müfəttişliyin ölkədə 18 bölgə şöbəsi fəaliyyət göstərir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun xüsusi diqqət və qayğısı nəticəsində nazirliyin Dövlət Əmək Müfəttişliyinin və zona müfəttişliklərinin fəaliyyətinin təkmilləşdirilməsi, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər işçi hüquqlarının təminatında müsbət dönüş yaratmış və mühüm uğurlar əldə olunmuşdur.
| [Əvvəlki] | [Sonrakı] |

