Azersundan xəbərlər
“AZƏRSUN HOLDINQ” “DUZUN ÜMUMI YODLAŞDIRILMASI” ILƏ ƏLAQƏDAR TƏDBIRDƏ IŞTIRAK ETDI
16 aprel, 2009
AR Səhiyyə Nazirliyi və UNİCEF-in birgə keçirdiyi “Yod çatışmazlığı xəstəlikləri və duzun ümumi yodlaşdırılması sahəsində nailiyyətlər, problemlər və perspektivlər” mövzusundakı dəyirmi masada “Azərsun Holdinq” də iştirak etmişdir.
Təşkil olunmuş tədbirdə Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qeorqi Gerasimov, “Duzun ümumi yodlaşdırılması” sahəsində regionumuzda olan vəziyyətlə bağlı öz məruzələri ilə çıxış etmişlər. Sonra tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Texniki Universitetinin, Kənd Təsərrüfatı Nazirliyinin, Səhiyyə Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və “Azərsun Holdinq”in nümayəndələri çıxış etmişlər. “Azərsun Holdinq”in əməkdaşı Mehran Məmmədov duz zavodu ilə əlaqədar hazırladığı təqdimatda tədbir iştirakçılarına bu layihə haqqında ətraflı məlumat vermişdir. Zavodun fəaliyyəti və istehsalı ilə bağlı məruzə ilə çıxış edən “Azərsun Holdinq”in aqrar sahə üzrə Araşdırma İnkişaf və Keyfiyyət Mərkəzinin rəhbəri Akif Əsgərov isə müzakirə zamanı verilən sualları ətraflı olaraq cavablandırmışdır.
Ölkədəki yod çatışmazlığı problemləri ilə bağlı müzakirədə şirkətlər qrupunun yodlaşdırılmış duz zavodunun istifadəyə verilməsi layihəsinin böyük əhəmiyyətə malik olduğu dönə-dönə vurğulanmışdır. Belə ki, “Azərsun Holdinq”in bu istiqamətdə atdığı təqdirəlayiq addım ölkə bazarındakı saxta duzların əhaliyə satılmasının qarşısını almaqla yanaşı, həmçinin insanların istifadəsinə beynəlxalq standartlara uyğun və son dərəcə müasir texnologiyalarla emal edilmiş gigiyenik və ekoloji cəhətdən təmiz yodlaşdırılmış duz verəcəkdir.
Holdinqin həyata keçirdiyi duz zavodu layihəsi dövlət orqanlarının da diqqət mərkəzindədir. Ölkədə yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə “Duzun ümumi yodlaşdırılması” haqqında Azərbaycan Respublikası Qanununun həyata keçirilməsinin təbliği, keçirilən tədbirin əsas məqsədlərindən biri olmuşdur.
“Azərsun Holdinq”in Masazır gölü ətrafında inşa etdirdiyi duz zavodunun ölkəni yüz faiz yodlaşdırılmış duzla təmin edəcəyi, xammalı isə Masazır gölündən və idxal yolu ilə əldə edəcəyi planlaşdırılmışdır. Beynəlxalq standartlara uyğun avadanlıqlarla tam təchiz ediləcək bu zavod yüksək keyfiyyətli məhsul istehsalına başlayacaqdır.
Tədbirdə müzakirə zamanı heyvandarlıqda istifadə olunan duzun xüsusiyyətlərinə də toxunuldu. Mütəxəssislər maldarlıqda geniş istifadə edilən keyfiyyətsiz duzların heyvanlarda da yod çatışmazlığı yaratdığını və bununla da bir sıra xəstəlik və patologiyaların əmələ gəlməsini söylədilər. Bununla yanaşı, onlar keyfiyyətsiz duzlardan istifadənin iri və xırda buynuzlu heyvanların inkişafına və məhsuldarlığına da mənfi təsir göstərdiyini qeyd etdilər.
Dəyirmi masada müzakirə olunan digər mövzu, “Yod çatışmazlığı xəstəlikləri” üzrə 2007-ci ildə keçirilmiş Biomonitorinq və 2008-ci ildə satış müəssisələrində, heyvandarlıq təsərrüfatlarında, qida istehsalı müəssisələrində keçirilmiş “Duzun ümumi yodlaşdırılması” monitorinq tədqiqatının nəticələrinin təqdimatı idi.
Tədbirdə əsas məsələlərdən biri də, istehsaldan satışa qədər “Duzun ümumi yodlaşdırılması” haqqında Azərbaycan Respublikası Qanununun yerinə yetirilməsinin vacibliyinə müvafiq dövlət strukturları, özəl sektor və medianın diqqətinin artırılması, müvafiq nazirlik və dövlət qurumları tərəfindən həyata keçirilməsi vacib olan tədbirlərin müəyyənləşdirilməsi, eyni zamanda özəl sektorun məsuliyyətinin və vətəndaş cəmiyyətinin rolunun qeyd edilməsi idi.
Qeyd edilənləri nəzərə alaraq xüsusi vurğulamaq lazımdır ki, “Azərsun Holdinq”in bu istiqamətdə atdığı mühüm addım - duz zavodu layihəsi böyük əhəmiyyətə malikdir.
| [Əvvəlki] | [Sonrakı] |

