Azersundan xəbərlər
İQTISADI İNKIŞAF NAZIRI ŞAHIN MUSTAFAYEV DUZ VƏ KAĞIZ EMALI MÜƏSSISƏLƏRININ INŞASI ILƏ TANIŞ OLDU.
5 aprel, 2009“Azərsun Holdinq”in daha iki müəssisəsində, Azərbaycan Duz İstehsalatı Birliyi və Azərbaycan Karton və Kağız İstehsalı Kombinatında inşaat işləri sürətlə davam edir.
Ölkə iqtisadiyyatına böyük töhfələr verən “Azərsun Holdinq” istehsalat şəbəkəsini get-gedə artırmaqdadır. Yeni-yeni layihələrə imza atan şirkətlər qrupu iki yeni zavodun inşasını davam etdirir.
Məlumatlar və araşdırmalar göstərir ki, Azərbaycanın demək olar bütün regionlarında yod çatışmazlıqları xəstəlikləri geniş yayılmışdır. Elə bu səbəbdən də, 1999-cu ildən Ümumdünya Təşkilatı hesab edilən “UNİCEF” Azərbaycan Səhiyyə Nazirliyi ilə birlikdə duzun bütünlüklə yodlaşdırılması yolu ilə yod defisitli pozulmaların ləğv olunması Milli Proqramının həyata keçirilməsi üzrə fəal iş görür. Bu müddət ərzində yod çatışmazlıqları xəstəliklərinin profilaktikası üzrə Qanun işlənib hazırlanmış və 2001-ci ilin dekabr ayında Milli Məclis tərəfindən qəbul edilmişdir.
Qeyd etdiyimiz kimi respublikamızın ərazisində geniş yayılmış yod çatışmazlıqları xəstəliklərinin əsas səbəbi keyfiyyətli süfrə və xörək duzlarının məhdud şəkildə istehsal olunmasıdır. Bu problemin birdəfəlik həll olunması məqsədi ilə “Azərsun Holdinq” Dövlət Proqramına uyğun Azərbaycanda ilk Duz Rafinasiya Zavodunun inşasını öz üzərinə götürməsi barədə strateji qərar verdi.
“Azərsun Holdinq” bu investisiya layihəsini Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə yaradılmış “Azərbaycan İnvestisiya Şirkəti” ilə birgə həyata keçirir.
Azərbaycan əhalisinin illik yodlaşdırılmış duz tələbatını 35-40 min ton və respublikamızın yodlaşdırılmış duz ixracat potensialını nəzərə alaraq quraşdırılacaq bu zavodun gündəlik emal gücü 200 ton nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, regionda analoqu olmayan müasir texnologiyalarla beynəlxalq standartlara uyğun inşa edilən duz zavodunun məhsulları ekoloji cəhətdən təmiz və gigiyenik, eləcə də insan sağlamlığı üçün tam təhlükəsiz qida məhsulu olacaqdır.
Zavodun texnoloji sxemi Avropanın son model texnoloji avadanlıqlarından və avtomatik idarəetmə sistemindən istifadə edərək Azərbaycanda çıxarılan xam duzların rafinasiya yolu ilə təmizlənməsi, dəqiq dozatorlarda yodla zənginləşdirilməsi, qurudulması və standartlara uyğun olan paketlərdə qablaşdırılmasına əsaslanır. Nəzərdə tutulan zavodun texnoloji nou-hausu duza əlavə olunacaq miqdarca xeyli az olan yodun dəqiq dozatorlar vasitəsi ilə duzun hər bir qramına lazım olan eyni miqdarda paylaşdırılmasıdır. Bu xüsusiyyət duzda yodun lazımi miqdarda olmasına tam zəmanət verir. Bundan başqa rafinasiya üsulu ilə təmizləmə duzun saflığını ən yüksək həddə çatdırır və lazımsız maddələri tam olaraq ondan kənarlaşdırır.
“Azərsun Holdinq”in ikinci böyük layihələrindən biri də yerli xammal təchizatı ilə fəaliyyət göstərən və gündəlik istehsal gücü 170 ton olan Azərbaycan Karton və Kağız İstehsalı Kombinatıdır.
Tullantı kağızlarının təkrar emalı zavodu ölkəni kağız məhsulları ilə təmin etməklə yanaşı meşə ağaclarının kəsilməsinin də qarşısını alacaqdır.
Hər iki müəssisənin inşa işləri ilə tanış olmaq üçün tikintiyə Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayev və Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev gəlmişdir. Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayev artıq reallaşdırılan bu layihələrin məqsədyönlü olduğunu qeyd etmişdir. Şirkətlər qrupunun prezidenti cənab Abdolbari Goozal və idarə heyətinin nümayəndələri layihənin həyata keçirilməsi istiqamətində bu günə qədər görülmüş işlər, eyni zamanda hər iki müəssisənin inşaat işləri, gələcək planları, illik istehsal həcmi və s. bu kimi əhəmiyyətli məsələlərlə bağlı nazir Şahin Mustafayevə ətraflı məlumat vermişlər.
Tikinti işlərini əyani surətdə müşahidə etmiş İqtisadi İnkişaf naziri Şahin Mustafayev görülən işlərin yüksək səviyyədə olduğunu vurğulamışdır
| [Əvvəlki] | [Sonrakı] |

