Azersundan xəbərlər
MÜSTƏQIL SƏNAYEÇI VƏ İŞADAMLARI DƏRNƏYI IDARƏ HEYƏTININ ÜZVLƏRI “AZƏRSUN HOLDINQ”I ZIYARƏT ETDI
13 mart, 2009
Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD) idarə heyətinin üzvləri Bakıya olan işgüzar səfər proqramı çərçivəsində tanışlıq məqsədi ilə mart ayının 13-də “Azərsun Holdinq”də olmuşlar. Bakı Yağ Fabrikində istehsal prosesi ilə tanışlıqdan başlayan bu ziyarət proqramında qonaqları İstehsalat üzrə koordinator cənab Savaş Gürpınar və zavodun direktoru cənab Özkan Akdağ müşayiət edirdi. Qonaqlara fabrikdə istifadə olunan müasir texniki avadanlıqlar barədə məlumat verildikdən sonra onlara duru yağ, marqarin və mayonez istehsalı sahələri, buradakı istehsal prosesi də göstərilmişdir. Müasir avadanlıqlar barədə məlumatlanan qonaqlar “Azərsun Holdinq”də tətbiq olunan texnoloji proseduraların səmərəli və təhlükəsiz qida istehsalına tam şərait yaratdığını bildirmişlər.
Yağ fabriki ilə tanışlıqdan sonra qonaqlara İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev tərəfindən “Azərsun Holdinq” Mədəniyyət Mərkəzi və burada keçirilən tədbirlər barədə ətraflı məlumat verilmiş və onlar holdinqin fəaliyyətini əks etdirən təqdimat filmini seyr etmişlər. Tanışlıq görüşündə MÜSİAD rəhbəri cənab Ömər Cihad Vardan, 1990-cı ildən fəaliyyət göstərən və 2000-dən çox üzvü olan MÜSİAD-ın da müxtəlif mədəni tədbirlərdə iştirak etdiyini və bu sahəyə verilən diqqətin olduqca önəmli olduğunu vurğulamışdır.
Daha sonra MÜSİAD nümayəndə heyətini “Azərsun Holdinq”in baş direktoru cənab Fevzihan Aras, cənab İsmayıl Dalaman və şirkətlər qrupunun digər rəhbər işçiləri qəbul etmişdir. Görüşdə holdinqin fəaliyyəti, gələcək əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparılmış və sonra qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.
| [Əvvəlki] | [Sonrakı] |

