Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ”İN MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ ƏMƏKDAR ARTİST YADİGAR MURADOVUN 50 İLLİK YUBİLEYİ QEYD OLUNDU
15 dekabr, 2008
15-i dekabrda, “Azərsun Holdinq”in Mədəniyyət Mərkəzində Şuşa Musiqili Dövlət Dram Teatrının direktoru, respublikanın əməkdar artisti Yadigar Muradovun 50 illik yubileyi qeyd olundu.
Şirkətlər qrupunun təşkilatı dəstəyi ilə keçirilən yubileydə tanınmış sənət adamları, bir neçə teatr və yubilyarın sənət dostları iştirak edirdi. Yubilyarı təbrikə gəlmiş, Dövlət Pantomimo Teatrı, Gənc Tamaşaçılar Teatrı və digər teatr kollektivləri isə özünəməxsus, maraqlı çıxışları ilə səbəbkarı təbrik etdilər.
1958-ci il təvəllüdlü Yadigar Muradov 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirmiş, elə həmin ildən də Ağdam Dövlət Dram Teatrında aktyorluq fəaliyyətinə başlamışdır. 1990-cı ildən etibarən isə Şuşa Dövlət Musiqili Teatrının direktoru vəzifəsində çalışmağa başlamışdır.
Yadigar Muradov Ü.Hacıbəyovun “Arşın mal alan”, S.Ələsgərov və Ş. Qurbanovun “Özümüz bilərik”, S.Qənizadənin “Ayının min bir oyunu”, Ə.Haqverdiyevin “Dağılan tifaq” tamaşalarına quruluş vermişdir.
Sənətkar fəaliyyət dövründə fəxri adlar və bir sıra mükafatlarla təltif olunmuşdur. Azərbaycan Teatr Xadimləri İttifaqının 2000-ci ildə keçirdiyi Festivallar festivalında Ü.Hacıbəyovun felyetonlarının motivləri əsasında hazırlanmış “Əyri oturaq, düz danışaq” məzhəkəsində Oyunağası obrazını ifa etmiş və 2002-ci ildə tamaşanın yaradıcı heyəti ilə birgə «Qızıl Dərviş» mükafatına layiq görülmüşdür. 2000-ci ildə isə Yadigar Muradov Azərbaycan Respublikasının əməkdar artisti Fəxri adına layiq görülmüşdür.
| [Əvvəlki] | [Sonrakı] |

