Azersundan xəbərlər

“AZƏRSUN HOLDİNQ” DAŞKƏNDƏ KEÇİRİLMİŞ 3-CÜ BEYNƏLXALQ “ÇAY VƏ QƏHVƏ” FESTİVALINDA AZƏRBAYCANI TƏMSİL ETDİ

1 dekabr, 2008

28-30 noyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində, Özbəkistan respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 3-cü Beynəlxalq “Çay və qəhvə” festivalı keçirilmişdir. Sərgidə Almaniya, Rusiya, Ukrayna, şirkətləri öz məhsullarını nümayiş etdirirdilər.

3-cü Beynəlxalq “Çay və qəhvə” festivalına Azərbaycandan yeganə şirkət olaraq “Azərsun Holdinq” qatılmışdı. Festivalda Holdinqimizi təmsil edən İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev və Eksport mütəxəssisi Yusif Abdullayev Azərbaycanın çay mədəniyyətini layiqincə nümayiş etdirdilər. Onlar Azərbaycan Respublikasında inkişaf etməkdə olan qida sənayesindən, “Azərsun Holdinq”in tətbiq etdiyi standartlar və istehsal prinsipləri barədə tədbir iştirakçılarına geniş məlumat vermişlər.

Tədbir zamanı müsabiqənin ən yüksək mükafatına layiq görülən “Azərsun Holdinq”in bu sərgidə iştirakı Azərbaycanda istehsal olunan çay məhsullarının tanıdılması baxımından irəli atılan mühüm addımlardan biri oldu.

Qeyd edək ki, sərgi geniş media dəstəyi ilə müşayiət olunmuş və 3000-dən artıq ziyarətçini qəbul etmişdir.

Tədbirin son günü “Azərsun Holdinq”i təmsil edən nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyi ilə birlikdə Daşkənd şəhərində yerləşən uşaq evinə baş çəkmiş və onlara humanitar yardım etmişlər.





[Əvvəlki] [Sonrakı]