Azersundan xəbərlər

“AZƏRSUN HOLDİNQ” MÜƏSSİSƏLƏRİNDƏN OLAN “BAKI YAĞ VƏ QİDA SƏNAYE” ASC-NİN İSTEHSALI OLAN MÜXTƏLİF MARKALI YAĞLARIMIZ DEQUSTASİYA MÜSABİQƏSİNDƏ İŞTİRAK EDƏRƏK 8 MEDALLA VƏTƏNƏ QAYITMIŞDIR

11 oktyabr, 2008

Oktyabr ayının 20-22 tarixlərində Sankt-Peterburqda 200-dən çox şirkətin iştirak etdiyi “Yağ Sənayesi 2008” VIII Beynəlxalq Konfransı keçirilmişdir. Konfransda “Azərsun Holdinq” müəssisələrindən biri olan “Bakı Yağ və Qida Sənaye” ASC böyük uğurla iştirak etmişdir. Belə ki, müəssisənin istehsalı olan yüksək keyfiyyətə malik müxtəlif markalı Azərbaycan yağları təşkil olunmuş dequstasiya müsabiqəsində 8 medal qazanmaqla ən yüksək nəticə əldə etmişdir. Müsabiqədə təqdim olunmuş yağ markalarımız “Gülüm” günəbaxan və qarğıdalı, “Vega” günəbaxan və qarğıdalı, “Final” marqarin, günəbaxan və qarğıdalı, “Supersun” qatı yağları həmçinin xüsusi diplom və mükafatlarla da təltif olunmuşdur.

Belə ki, “Gülüm” qarğıdalı və günəbaxan yağı, “Final” marqarin, “Vega” qarğıdalı yağı qızıl, “Final” qarğıdalı və günəbaxan, “Vega” günəbaxan və “Supersun” qatı yağları isə gümüş medala layiq görülərək ümumilikdə 8 medal qazanmışlar.

Qeyd etmək lazımdır ki, “Yağ Sənayesi 2008” VIII Beynəlxalq Konfransında “Azərsun Holdinq” Şirkətlər Qrupunu Sankt-Peterburq şəhərinə ezam olunmuş Araşdırma Departamentinin mütəxəssisləri Roza Məmmədova, Qəhrəman Bayramov və Cəmil Ələkbərov təmsil edirdilər.

Dequstasiya müsabiqəsində yarışan yağlarımız keyfiyyət baxımından digər xarici ölkələrin istehsal etdiyi məhsullardan heç də geri qalmır. Belə ki, geniş istehlakçı kütləsinə sahib olan yağlarla yarışaraq böyük uğur qazanan məhsullarımız dəfələrlə yerli və beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir.

Müsabiqədə xüsusi diplom və mükafatlarla təltif olunmuş “Azərsun Holdinq”in bu uğurları KİV nümayəndələrinin də diqqətindən yayınmadı. Bununla bağlı “Azərsun Holdinq”in Mədəniyyət Mərkəzində mətbuat konfransı keçirildi.

Mətbuat konfransında iştirak edən İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev, Marketinq Departamenti Yağ Məhsul Qrupunun rəisi Həsən Əsgərov, yağ zavodunun əməkdaşı Aslan Abdullayev və müsabiqədə iştirak etmiş mütəxəssislərimiz jurnalistləri maraqlandıran sualları ətraflı cavablandırdılar.

“Bakı Yağ və Qida Sənaye” ASC-nin yüksək texnologiya ilə emal etdiyi yağ məhsulları insan sağlamlığına tam zərərsiz və olduqca yüksək keyfiyyəti ilə fərqlənir. İstehlakçılar tərəfindən bəyənilən və damaq zövqünü oxşayan yağlarımız mətbəxlərimizin əvəzsiz təamlarındandır. İnsan orqanizminə olduqca faydalı olan bu yağlar qan dövranını tənzimləyərək ürək-damar sisteminin sərtləşməsinin qarşısını alır. Məsələn: zeytun yağı mədə turşuluğunu azaldaraq mədəni qastrit, mədə xorası kimi xəstəliklərdən qoruyur və bununla yanaşı beyin damarlarının sağlamlığına da müsbət təsir göstərir. Qarğıdalı və günəbaxan yağları da insan orqanizminə müsbət təsir göstərən vitaminlərlə zəngindir.

“Bakı Yağ və Qida Sənaye” ASC-nin istehsal etdiyi müxtəlif markalı bitki yağları daxili bazarın tələbatını təmin etməklə yanaşı, həm də MDB məkanındakı dövlətlərə də ixrac edilir. Gürcüstan və Türkmənistan bazarlarında isə yağ markalarımızın xüsusi və özünəməxsus yeri vardır.





[Əvvəlki] [Sonrakı]