Azersundan xəbərlər
YÜKSƏK RÜTBƏLİ RƏSMİLƏR YAĞ ZAVODUNUN QONAĞI OLDULAR
9 sentyabr, 2008
Bu günlərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Əməkdaşlıq Təşkilatının kənd təsərrüfatı üzrə yüksək rütbəli rəsmilərinin 3-cü iclası və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin kənd təsərrüfatı nazirlərinin 4-cü iclası keçirilmişdir. Tədbirdə 12 ölkədən 70 nəfərə yaxın nazir və nazir müavinləri iştirak etmişdir.
Tədbirdə Azərbaycanda iqtisadi islahatların uğurla həyata keçirilməsi və qida təhlükəsizliyinə böyük əhəmiyyət verilməsi xüsusi olaraq vurğulanmışdır.
Qeyd etmək lazımdır ki, “Azersun Holding” qida sektorunda qazandığı öncüllüyü qoruyan və Azərbaycanda gerçəkləşdirilən iqtisadi islahatlarda mühüm rol oynayan bir şirkətdir. Əsas fəaliyyət sahəsi qida və kənd təsərrüfatı sahələri olan şirkətlər qrupu istehsal etdiyi məhsulları ən son texnologiyaya malik avadanlıqlarla emal edir. Nəticədə isə dünya standartlarına cavab verən yüksək keyfiyyətli məhsulların istehsalına nail olur.
Qida təhlükəsizliyinə xüsusi diqqət və məsuliyyətlə yanaşan “Azersun Holding” iştirak etdiyi yerli və beynəlxalq sərgilərdə məhz yüksək keyfiyyətli məhsullarına görə müxtəlif mükafatların və beynəlxalq sertifikatların sahibidir.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İsmət Abbasov da öz növbəsində ərzaq təhlükəsizliyi ilə bağlı məsələyə toxunaraq, ölkədə bu sahədə fəaliyyətlərin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını bildirmişdir.
Tədbir iştirakçılarının bir qismi isə “Azersun Holding”in müəssisələrindən biri olan “Bakı Yağ və Qida Sənaye” ASC-nin fəaliyyəti ilə tanış olmaq üçün yağ emalı zavoduna gəlmişdilər. Qonaqları qarşılayan və onları zavodun istehsal prosesi ilə tanış edən yağ zavodunun müdiri Özkan Akdağ, qonaqlara həmçinin zavodun fəaliyyəti barədə də geniş məlumat vermişdir.
| [Əvvəlki] | [Sonrakı] |

