Azersundan xəbərlər

“AZERSUN HOLDING” 30 MİLYON AVRO SƏRMAYƏ QOYULUŞU İLƏ AZƏRBAYCANDA, TULLANTI KAĞIZLARIN TƏKRAR EMALI FABRİKİNİN QURULMASINA START VERDİ

12 iyul, 2008

“Azərsun Holding” 30 milyon avro sərmayə qoyuluşu ilə, Azərbaycanda günlük emal gücü 200 ton, ildə 60.000 ton olan, istifadə olunmuş kağızların təkrar istehsalı müəssisəsinin qurulmasına başladı.

1996-cı ildə “Azersun Holding”in sərmayə qoyuluşu ilə, “Bakı Karton Fabriki” yenidən qurularaq, fəaliyyətini tam bərpa etmişdi. Fabrik hazırda İSO -9000 standartı ilə fəaliyyət göstərməkdədir. 2008-ci ildə, müəssisəyə 2 ədəd yeni müasir istehsal xəttinin qurulması müəssisənin potensialını ildə 25 mln. m2-ə çatdırır. Bununla da Karton Tara Fabriki həm ölkə tələbatını qarşılayacaq, həm də artıq istehsal etdiyi karton məmulatlarını Gürcüstan, Dağıstan və Türkmənistana ixrac edəcək.

2006-ci ildən planlaşdırılan proqrama əsasən, 2007-ci il maşınların tədarükü və Sumqayıt sənaye bölgəsində 20 hektar ərazi təmin edilmişdir. Tullantı kağızlarının təkrar istifadəsi zavodu 2009-cu ilin ilk yarısında fəaliyyətə başlayacaq.

Sumqayıtda sənaye zonasında qurulacaq Kağızın Təkrar İstehsalı Fabriki, ölkənin kağız tələbatını ödəməklə, ekoloji tələblərə 100 % cavab verəcək. Müəssisənin fəaliyyətə başlaması kağız tullantıların təkrar istifadəsini təmin etməklə yanaşı, ətraf mühitin çirklənməsinin də qarşısının alınmasında mühüm rol oynayacaq.

Sözügedən müəssisənin fəaliyyətə başlaması ölkənin kağız sənayesi kompleksinin fəaliyyətini tamamlayacaq.

Hazırda 1 ton kağızın istehsalı üçün 2.4 ton odun, 440 ton su, 7600 kWh elektrik enerjisi istifadə olunmaqdadır. Qeyd olunan mənbələrin maya dəyərinin gündən günə bahalaşması kağız sənayesində də qiymət artışlarının olacağını proqnozlaşdırmağa əsas verir. Sumqayıtda qurulacaq, kağızın təkrar emalı müəssisəsinin müasir texnologiyalar əsasında fəaliyyəti son dərəcə səmərəliliyi ilə yanaşı, Azərbaycanın bu bahalaşmadan sığortalanmasına şərait yaratmaqla, bölgədəki liderliyini qoruyacaq, ölkənin ixrac potensialını daha da artıracaqdır. Kağızın Təkrar Emalı Fabrikinin potensialı təkcə Azərbaycanın deyil, Gürcüstanın, Türkmənistanın və Dağıstanın da kağıza olan tələbatını ödəməyə malik olacaq. Belə ki, müəssisənin istehsal potensialının 30%-ə qədəri ölkədaxili kağız tələbatını ödəyəcək, qalan 70%-i isə qonşu dövlətlərə ixrac olunacaqdır.

Beləliklə, müəssisədə 1 ton tullantı kağızın yenidən istehsalı:

  • 17 ədəd yetişmiş şam ağacının kəsilməsinin,
  • 36 ton CO2 qazının atmosferə atılmasının,
  • 4100 kWh elektrik enerjisi sərfinin,
  • 267 kg kirlədici qazın atmosferə buraxılmasının,
  • 1750 litr yanacaq neftinin sərf olunmasının,
  • 3-4 m3 depolama ərazisindən istifadənin,
  • 85 m2 meşə ərazisinin məhv olmasının,
  • 38,8 ton suyun sərf olunmasının qarşısını alacaq.
Ümumiləşdirsək, kağızın təkrar emalı nəticəsində:
  • Təbii ehtiyatlar qorunacaq;
  • Enerji sərfiyyatı azalacaq;
  • Tullantıların miqdarı azalacaq;
  • Ölkə iqtisadiyyatı güclənəcəkdir.
“Azersun Holding”in bu təşəbbüsü ölkəmizdə 1000-ə qədər insanın işlə təmin olunmasıyla yanaşı, ölkənin iqtisadi inkişafına töhfə olacaqdır.

[Əvvəlki] [Sonrakı]