Azersundan xəbərlər
İMİŞLİ ŞƏKƏR ZAVODUNDA ŞƏKƏR BAYRAMI
12 iyul, 2008
İyul ayında İmişli rayonunda “Şəkər bayramı” keçirildi. Azərbaycanda şəkər istehsalı sənayesinin inkişafına böyük təkan verən “İmişli Şəkər Zavodu” şəkər çuğundurunun becərilməsi ilə məşğul olan fermerləri bu bayramda bir yerə topladı. Bayrama aparıcı KİV nümayəndələri də dəvət olunmuşdu.
İlk olaraq mərasimdə fermerlər və zavod rəhbərlərinin iclası keçirildi. İclası giriş nitqi ilə baş aqronom Rəcəb Orucov açdı. Sonra söz “İmişli Şəkər Zavodu”nun direktoru İsmayıl Müslimzadəyə verildi. İsmayıl Müslimzadə tədbir iştirakçılarını salamlayaraq mülkiyyətçilərə işlərində müvəffəqiyyətlər arzuladı. İsmayıl bəyin çıxışından sonra “AŞİB AQRO” MMC-nin direktoru M. Salih Demir bəy və bölgələrin mülkiyyətçiləri çıxış etdilər.
Qeyd etmək lazımdır ki, Azərbaycanın əkin dövriyyəsində ən gənc texniki-ərzaq bitkisi olan şəkər çuğunduru əkinçiliyinə torpaq mülkiyyətçilərimiz çox böyük maraq göstərirlər. “Azersun Holding” Şirkətlər Qrupunun prezidenti cənab Abdolbari Goozal bəyin bu sahəyə göstərdiyi diqqət və qayğının sayəsində əkinçilərə “AŞİB AQRO” MMC tərəfindən hərtərəfli maddi-texniki dəstək verilərək, onların aqronomik cəhətdən maarifləndirilməsi istiqamətində mütəxəssislərimiz tərəfindən yerlərdə tövsiyə xarakterli elmi-praktik işlər aparılır. Son iki il ərzində şəkər çuğunduru əkinlərində aqrotexniki işlərin intensiv texnologiyalar əsasında aparılmasını təmin etmək məqsədilə “AŞİB AQRO” MMC-nin texniki parkına 2 milyon manatdan yuxarı dəyərdə yüksək texniki göstəricilərə malik olan kənd təsərrüfatı maşın və aqreqatları alınmışdır. Bu maşın və aqreqatların çox hissəsi Azərbaycanın əkinçilik sistemində ilk dəfə olaraq istifadə edilir.
Rəcəb Orucov: - “Əkinçilikdə yüksək və keyfiyyətli məhsul almaq üçün, yüksək kondisiyalı xəstəlik və ziyanvericilərə davamlı, bölgənin torpaq-iqlim şəraitinə uyğun toxumlardan istifadə olunması əsas şərtlərdəndir” deyə, qeyd etdi. Çıxışına davam edən R. Orucov, bu məqsədlə dünyanın ən aparıcı seleksiya-toxumçuluq mərkəzlərindən biri hesab olunan Almaniyanın KVS, İsveçin “Ses Vanderhovis” və Hollandiyanın “Singenta” şirkətləri ilə işgüzar əlaqələr qurulduğunu söylədi. Həmçinin həmin şirkətlərin aparıcı mütəxəssislərinin mütəmadi olaraq “İmişli Şəkər Zavodu”na gəlməsini, bölgə nümayəndələrimizə və mülkiyyətçilərimizə seminarlar keçirməklə sahələrdə fenoloji müşahidələr apararaq elmi-metodik tövsiyələr verdiklərini də bildirdi.
Təşkil olunmuş tədbirdə şəkər çuğunduru ilə əlaqədar maarifləndirici film də nümayiş etdirildi. İclasdan sonra tədbirdə iştirak edən qonaqlar “İmişli Şəkər Zavodu”na ekskursiya edərək istehsal proseslərini əyani şəkildə müşahidə etdilər.
İmişlidə keçirilən “Şəkər bayramı” münasibətilə zavoda səmərəli məhsul verən mülkiyyətçilərə hədiyyə olaraq 500, 400 və 300 kq. çəkilərində şəkər tozu hədiyyə edildi. Tədbirdə iştirak edən digər mülkiyyətçilər də yaddan çıxarılmadı və onlara da hədiyyə olaraq hər birinə 100 kq. çəkisində şəkər tozu təqdim olundu. Beləliklə ümumilikdə 182 mülkiyyətçiyə 20 ton şəkər tozu verildi.
Daha sonra KİV nümayəndələri zavod ərazisində fəaliyyət göstərən yağ, etil spirti və su təmizləmə müəssisələrində oldular. Müəssisələrlə tanış olan KİV nümayəndələri Biləsuvardakı 3400 hektarlıq əkin sahəsində də oldular. Burada yetişdirilən şəkər çuğunduru, pomidor, qarğıdalı, soya, günəbaxan və s. bitkilərin becərilmə prosesi haqqında baş aqronom Rəcəb Orucov jurnalistlərə dolğun və ətraflı məlumatlar verdi.
Tədbirin sonunda KİV nümayəndələrinə də hədiyyə paketləri təqdim olundu.
| [Əvvəlki] | [Sonrakı] |

