Azersundan xəbərlər
ŞUŞA DÖVLƏT MUSİQİLİ DRAM TEATRI 17-Cİ TEATR MÖVSÜMÜ “BƏLA” TAMAŞASI İLƏ YEKUNLAŞDI
4 iyul, 2008
Şuşa Dövlət Musiqili Dram Teatrı 17-ci teatr mövsümünü “Bəla” tamaşası ilə yekunlaşdırdı. “Azersun Holding” Şirkətlər Qrupunun maddi dəstəyi ilə Mədəniyyət Mərkəzində nümayiş etdirilən bu tamaşanın əsas mövzusu cəmiyyətdə gənclərin narkomaniyaya qurşanması və onların sosial həyatlarının pis vərdişlər ucbatından ağır zərbə alması ilə bağlı idi.
Tamaşada, əvvəlcə normal ailə həyatı yaşayan gəncin sonralar bəd əməlli insanların təsiri altına düşməsi, narkomaniyaya qurşanması və bütün var-dövlətini itirməsi səhnələşdirilmişdir. Bunlar azmış kimi ailəsini itirməklə də üz-üzə qalan gənc, nəhayət çıxış yolunu tibbi müalicə olunmaqda tapır. Pyesin müəllifi olan həkim Asif Kəngərli tamaşada cərəyan edən hadisələri real həyatımızdan götürmüşdür.
Aktyorlardan Ramil Zeynalov, İqrar Salamov, Aybəniz Əhmədova və başqaları öz rollarını böyük məharətlə ifa etdilər. Teatrın baş rejissoru Nazir Rüstəmov, tamaşanın quruluşçu rejissoru Respublikanın əməkdar artisti Loğman Kərimov, quruluşçu rəssam Valeh Məmmədov, musiqi tərtibatçısı isə Azad Məmmədov idi.
Peşəkar aktyor oyunu ilə yadda qalan “Bəla”, tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.
| [Əvvəlki] | [Sonrakı] |

