Azersundan xəbərlər
“Azersun Holding” Şirkətlər Qrupu Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin yüksək mükafatına layiq görülmüşdür
8 aprel, 2008
“Sun Tea Azerbaycan” ASC keyfiyyətli məhsul istehsalına görə daha bir uğura imza atdı.
“Azersun Holding” Şirkətlər Qrupuna daxil olan iki müəssisə, Sun-Tea Azərbaycan ASC məhsullarının yüksək keyfiyyətinə və xidmətin təşkilinə görə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin yüksək mükafatına layiq görülmüşdür. 04 aprel 2008-ci il tarixində, Moskva şəhərində Rusiya Federasiyası Ticarət və Sənaye Palatasında, təntənəli surətdə mükafatın təqdimetmə mərasimi olmuşdur. MDB məkanında ilk dəfə olaraq, Azərbaycan şirkəti belə yüksək mükafata layiq görülmüşdür. Bu da ölkəmizdəki iqtisadi inkişafın bariz nümunəsidir.
“Azersun Holding” Şirkətlər Qrupu tərkibində fəaliyyət göstərən müəssisələr, müxtəlif sahələri əhatə edən istehsalat fəaliyyəti ilə yanaşı, istehsal edilən məhsulların beynəlxalq standartlara uyğun olmasına da xüsusi diqqətlə yanaşır. Holdinqin istehsal etdiyi məhsulların, dünyanın müxtəlif ölkələrində keçirilən sərgi və müsabiqələrində ən yüksək mükafatlara, qızıl medallara layiq görülməsi, məhz bu diqqətin nəticəsidir.
Dünyanın bir çox aparıcı dövlətlərində fəaliyyət göstərən standartlaşdırma və sertifikatlaşdırma təşkilatları “Azersun Holding”-in məhsullarının keyfiyyət göstəricilərini məmnuniyyətlə qəbul edərək, holdinqlə əməkdaşlıq edir. Belə təşkilatlardan biri də, Müstəqil Dövlətlər Birliyi Standartlaşdırma, Meteorologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuradır.
“Azersun Holding”ə daxil olan “Sun Tea Azerbaycan” ASC-də, MDB Standartlaşdırma, Meteorologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura tərəfindən aparılan uzunmüddətli auditin nəticəsində, tətbiq etdiyi idarəetmə standartları və proseduralara, yüksək keyfiyyətli məhsul istehsalına görə MDB İcraiyyə Komitəsinin diplomuna layiq görülmüşdür. Bu da, “Sun Tea Azerbaycan” ASC məhsullarının MDB ölkələrinin keyfiyyət standartlarına tam cavab verdiyinin göstəricisidir.
Mükafatın təqdimetmə mərasimində, adı keçən müəssisələrin MDB ərazisində fəaliyyət göstərən müəssisə və şirkətlərə nümunə ola biləcəyi vurğulanmış və “Azersun Holding”-in məhsullarının MDB ərazisində sərbəst dövriyyəsinə vəsiqə qazanıldığı qeyd olunmuşdur. Tədbirdə Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu da iştirak edirdi.
| [Əvvəlki] | [Sonrakı] |

