Azersundan xəbərlər
“Made in Azerbaijan" Almaniyada
2 fevral, 2008
“Azersun Holding” müəssisələri tərəfindən istehsal edilən yerli məhsulun dünya bazarına çıxarılması istiqamətində görülən təqdirəlayiq işlər davam etməkdədir. “Made in Azerbaijan” adını dünyada tanıtmaq məqsədilə bir sıra addımlar atan holdinq, bu dəfə Almaniyanın Berlin şəhərində keçirilən sərgidə iştirak etdi.
Müxtəlif xarici ölkələrdə təşkil olunmuş beynəlxalq sərgilərdə iştirak edən “Azersun Holding” Şirkətlər Qrupunun bu dəfəki səfəri Almaniyanın Berlin şəhərinə oldu. İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Almaniyada iştirak edən Azərbaycan şirkətləri xüsusi rəğbətlə qarşılandı.
Avropanın ən möhtəşəm sərgilərindən biri olan “Beynəlxalq Yaşıl Həftə-Berlin”in tarixi ötən əsrin 1960-cı illərinə gedib çıxır. Bu sərgi “Azersun Holding” üçün uğurlu səfərlərdən biri oldu.
“Messe Berlin” qurumu tərəfindən təşkil olunmuş sərgidə 52 ölkə iştirak etmişdir. Bu ölkələr arasında, xüsusi olaraq möhtəşəmliyi ilə seçilən Azərbaycan zalında ölkəmizi 12 şirkət təmsil etmişdir. Zalda Azərbaycanı təmsil edən şirkətlərin stendləri qurulmuş, “Azersun Holding” Şirkətlər Qrupunun stendi isə zalın böyük bir hissəsini əhatə etmişdir. Qeyd etmək lazımdır ki, sərgidə “Azersun Holding”in stendi böyük maraqla qarşılanmışdır. Azərbaycanın istehsalı olan məhsulların xüsusi rəğbət qazanması KİV nümayəndələrinin də diqqətini cəlb etmişdir. Belə ki, Almaniyanın media mənsubları “Azersun Holding” stendinə xüsusi maraq göstərmişdirlər.
Sərgidə iştirak edən insanlar müxtəlif ölkələrin damaq zövqü ilə tanış olmaqla yanaşı, eyni zamanda həmin ölkələrdə istehsal olunan məhsullarla da tanış olma fürsəti əldə edirdilər. Həmçinin sərgidə “Azersun Holding” Şirkətlər Qrupu ilə əlaqədar təqdimat filmi də nümayiş etdirilmişdir.
Sərgidə “Azersun Holding”in istehsalı olan yağ, çay, konserv məhsulları, arasında tanınmış markalardan olan “Bizim Tarla” mürəbbə çeşidləri, turşu, tomat, badımcan kürüsü kimi konserv məhsulları, “Final” günəbaxan və zeytun, “Vega” qarğıdalı yağları da xüsusi diqqət qazanmış, “Azərçay”, “Pasha”, “Pürrəngi” çayları isə sərgi iştirakçıları tərəfindən böyük rəğbətlə qəbul olunmuşdur.
Eyni zamanda Azərbaycanın milli mətbəxini sərgidə nümayiş etdirən “Azersun Holding” xalis Azərbaycan məhsulu olan pürrəngi “Azərçay”la sərgi iştirakçılarına şəkərbura və paxlava da ikram etmişdir. Çay süfrələrimizin bəzəyi olan bu şirniyyatlar milli mətbəximizin zənginliyinin bariz nümunəsi olmuşdur.
Berlin dükanlarında “Azərçay” markalı çayımızın yüksək reytinqlə satılan çay məhsullarının rəflərində özünəməxsus yer qazanması isə hər bir Azərbaycanlı üçün qürurvericidir. Tədbirdə iştirak edən “Azersun Holding” təmsilçisi Sanar Məmmədov alman mediasının ölkəmizə və məhsullarımıza böyük diqqətlə yanaşmasının bizə bir işarə olduğunu vurğuladı.
Bütün bunlar deməyə əsas verir ki, “Azersun Holding” beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli və milli damaq zövqünü özündə əks etdirən məhsullarıyla “Made in Azerbaycan” adının dünya bazarlarında tanıdılaraq qəbul etdirilməsi istiqamətində yorulmadan çalışır və bu yolda böyük uğurlara imza atır.
| [Əvvəlki] | [Sonrakı] |

