Azersun xƏbƏrlƏrİ
ABDOLBARİ GOOZALDAN DAHA BİR XEYRİYYƏÇILİK ADDIMI
26 oktyabr 2011
Qardaş ölkə Türkiyənin Van vilayətində baş vermiş dəhşətli zəlzələ nəticəsində yüzlərlə insan həlak olmuş, minlərlə insan müxtəlif dərəcəli xəsarətlər almış və yaşayış binaları yerlə-yeksan olmuşdur.
Qeyd edək ki, qardaş Türkiyəyə ilk humanitar yardım Azərbaycandan göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən elə həmin gün Fövqəladə Hallar Nazirliyinin böyük tərkibdə xilasedici dəstəsi bir neçə təyyarə ilə fəlakət zonasına uçmuş, zəlzələ qurbanları üçün tibbi ləvazimatlar, dərman preparatları, minlərlə çadır, isti yataq dəstləri və ədyallar, səhra yataq dəstləri, səhra mətbəxi, generator və s. məişət yardımı göndərilmişdir.
“Azərsun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozal da Van vilayətində baş vermiş zəlzələdən zərərçəkən insanlardan yardım əlini əsirgəmədi.
Belə ki, humanizm meyarlarını özündə cəmləşdirən, xeyriyyəçilik əməlləri ilə artıq ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınan “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozal Somalidən sonra yardım əlini bu dəfə Vana uzatdı.
İdarə heyətinin sədri Abdolbari Goozal hətta Türkiyənin “Samanyolu” televiziyasında “Kimse yok mu?” adlı televiziya verilişinin keçirdiyi marafon proqramına canlı yayım vasitəsilə qoşularaq bu sözləri söyləmişdir: “Türk millətinin Mövlanə ilə yoğurulmuş bir xəmiri var. Ustad demişdir ki, “Bir müsibət min nəsihətdən irəlidir”. Allah hörmətli baş nazir Rəcəb Tayyib Ərdoğandan razı olsun, onun çağırışı insanların müsbət tərəflərini ön plana çıxardı və bu gün Türkiyədə millət qardaşcasına bir coşquyla bir-birilərinə yardım edir.”
Daha sonra Abdolbari Goozal Vanda zəlzələdən əziyyət çəkənlərə 500 min ABŞ dolları məbləğində pul vəsaiti, özünün Vandakı təmsilçisi vasitəsi ilə İstanbuldan 5 min ədyal, 5 min nəfərlik geyim, qida və xəstəxanalara 4 tanker su yardımı göstərildiyini də bildirmişdir.
| [Əvvəlki] | [Sonrakı] |

