Azersundan xəbərlər
PREZIDENT İLHAM ƏLIYEV AZƏRBAYCAN DUZ İSTEHSALAT BIRLIYININ AÇILIŞINDA IŞTIRAK ETDI
22 iyul 2010
Ölkəyə qoyduğu səmərəli sərmayələrlə bir çox müəssisələri birləşdirən “Azərsun Holdinq” Masazır Duz Zavodunu istifadəyə verdi.
21 iyul tarixində ölkə başçısı İlham Əliyevin iştirakı ilə Masazır Duz Zavodunun açılışı oldu. Açılış mərasimində Prezident İlham Əliyev, “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozal və şirkətlər qrupunun kollektivi iştirak edirdi.
Öncə dövlət başçısı İlham Əliyev açılış rəmzi olan qırmızı lenti kəsdi. Prezident İlham Əliyev foyedəki müxtəlif illərdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iştirakı ilə açılmış müəssisələrin şəkillərindən ibarət foto-stendə baxdı. Sonra isə zavodun fəaliyyəti ilə yaxından tanış olmaq üçün müəssisəyə daxil olan ölkə başçısına buradakı müasir avadanlıqlarla tam təchiz olunmuş istehsalat sahələri, laboratoriya və duzun sənaye üsulu ilə yodlaşdırılması haqqında mütəxəssislər tərəfindən geniş məlumatlar verildi.
Dövlət başçısı zavodun konfrans salonundakı müəssisənin maketi və fotoşəkilləri ilə də tanış oldu.
Sonra isə Prezident İlham Əliyev və şirkətlər qrupunun idarə heyətinin sədri Abdolbari Goozal kollektiv qarşısında çıxış etdilər.
İlk olaraq çıxış edən “Azersun Holdinq”in idarə heyətinin sədri Abdulbari Goozal dövlət başçısına müəssisənin açılışında iştirak etdiyinə görə kollektiv adından təşəkkür edərək dedi:
“Hörmətli cənab Prezident, bildiyiniz kimi, Azərbaycanda rafinə edilməmiş və yodlaşdırılmamış duzlardan istifadə etmək zob xəstəliyi və digər bir çox xəstəliklərin artmasına səbəb olurdu.
Ümummilli lider Heydər Əliyev tərəfindən 2001-ci il dekabrın 27-də “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanun imzalandıqdan sonra bu sahəyə diqqət daha da artdı.
Həmin ərəfədə YUNİSEF Azərbaycanın Səhiyyə Nazirliyi ilə birlikdə duzun bütövlükdə yodlaşdırılması yolu ilə yod çatışmazlığı probleminin ləğv olunması üçün çalışırdılar. Ancaq məsələnin köklü həllinə nail olunması üçün belə bir duz rafinasiyası zavodunun inşası Azərbaycan üçün vacib hesab edilirdi. Bu, yod çatışmazlığı probleminin birdəfəlik həlli demək idi. Bu işin görülməsi Zati-alilərinizin qayğı və tövsiyəsi ilə həyata keçirildi. Beləliklə, 2007-ci ildə İqtisadi İnkişaf Nazirliyinə aid Azərbaycan İnvestisiya Şirkəti 25 faiz və “Azərsun Holdinq” 75 faiz paya sahib olmaqla, Azərbaycanda ilk duz rafinasiyası zavodunun tikilməsi missiyasını öz üzərlərinə götürdülər.”
Abdulbari Goozal qeyd etdi ki, Masazır duz zavodunda ildə 90 min ton ən yüksək standartlara uyğun yodlaşdırılmış duz istehsal edilə bilər. Yeni müəssisə Azərbaycanın duz idxalçısından ixracatçısına çevrilməsinə imkan yaradır. İxracla bağlı artıq ilkin sifarişlər alınmışdır.
Dövlət başçısı isə öz çıxışında bu fikirləri dilə gətirdi: “Bu gün Azərbaycanın iqtisadi həyatında, doğrudan da çox əlamətdar bir hadisədir. Demək olar ki, bu gün Azərbaycanda yeni sənaye sahəsinin təməli qoyulur. Artıq Azərbaycanda yüksək keyfiyyətə malik olan duz istehsal olunacaqdır... Bu zavodun yaradılması bir neçə məqsəd güdür. İlk növbədə Azərbaycanda yeni müasir istehsalat sahəsi yaradılıbdır ki, bu da bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biridir. Bu zavodda ən müasir avadanlıq quraşdırılıbdır, texnoloji proses də dünya standartlarının üstündədir... Zavodda yeni iş yerlərinin açılması məsələsi həll olunur, bu da bizim siyasətimizin istiqamətlərindən biridir... Eyni zamanda, bu gün artıq burada qeyd olunduğu kimi, bu duz insanların sağlamlığı üçün də çox vacibdir. Yodlaşdırılmış duzu, yəni emal edilmiş, təmizlənmiş duzu Azərbaycan vətəndaşları artıq istehlak edəcəklər.
“Azərsun” şirkəti Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Bu şirkətin fəaliyyəti çox genişdir. Məni çox sevindirən odur ki, Azərbaycanda yerli istehsalın yaradılması işinə “Azərsun” şirkəti böyük töhfəsini verir. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın inkişafı, qeyri-neft sektorunun inkişafı sahəsində bu şirkətin töhfəsi çox böyükdür. Mən ümid edirəm ki, gələcəkdə bu şirkət öz fəaliyyətini yeni sahələrdə davam etdirəcəkdir...”
| [Əvvəlki] | [Sonrakı] |

