Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ”DƏ NÖVBƏTİ AKSİYA
15 aprel 2010
Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri “Bura Vətəndir” aksiyasında iştirak etdilər.
“Azərsun Holdinq”, Şuşa Dövlət Musiqili Dram Teatrı və Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə birgə həyata keçirilən “Bura Vətəndir” aksiyasının növbəti iştirakçıları Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri olmuşdur. Ötən ildən etibarən start verilən aksiya bu il də öz işini mükəmməl şəkildə davam etdirməkdədir.
Teatr truppasının ifasında səhnələşdirilən milli vətənpərvərlik ruhlu tamaşalar aksiya iştirakçılarının ürəyincə olmuşdur. Teatr, bu aksiya çərçivəsində 6 ali məktəblə yanaşı, Bərdə rayonunun teatrsevərlərilə də görüşmüşdür.
Teatrın repertuarında dahi yazıçılarımızdan olan Cəlil Məmmədquluzadənin “Kamança”, yazıçı Elçin Əfəndiyevin “Şuşa dağlarını duman bürüdü” və Şuşa Dövlət Musiqili Dram Teatrının truppa rəhbəri Enurə Abdullayevanın “Ağ qayıq” əsərinə səhnələşdirilmiş tamaşalar nümayiş etdirilmişdir.
“Azərsun Holdinq”in Mədəniyyət Mərkəzində təşkil olunan “Bura Vətəndir” aksiyasında “Ağ qayıq” tamaşası nümayiş etdirilmişdir. Tamaşadan öncə Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadugar Muradov çıxış etmiş, aksiyanın əsas məqsədinin gənclərə milli vətənpərvərlik ruhunun aşılanması olduğunu dilə gətirmişdir. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvü Ramik Məhərrəmov isə öz çıxışında gəncləri vətənpərvərliyə səsləmişdir.
Sonra isə söz “Azərsun Holdinq” İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərova verilmişdir. Afiq Səfərov, gənclərdə milli təfəkkürün formalaşması istiqamətində həyata keçirilən bu aksiyanın müsbət tərəflərini qeyd etmiş, gənclərə vətəni sevməyi və hər zaman onu qorumağı tövsiyə etmişdir.
Tədbirin bədii hissəsində nümayiş etdirilən tamaşa isə gənclər tərəfindən böyük maraqla izlənmişdir.
| [Əvvəlki] | [Sonrakı] |

