Azersundan xəbərlər
TƏLƏBƏLƏRIN ISTEHSALAT SAHƏSINƏ EKSKURSIYASI
21 aprel 2010
Gənc nəslin inkişafı istiqamətində həyata keçirilən layihələri daim dəstəkləyən şirkətlər qrupu, nəzdində fəaliyyət göstərən müəssisələrə tələbələrin ekskursiyasını təşkil etmişdir.
Qida sektorunda lider şirkət olaraq beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərən “Azərsun Holdinq” kadr məsələlərində gənclərə daha çox üstünlük verir və onların inkişafını dəstəkləyir. Ali məktəb tələbələrinin müəssisələrinin istehsalat sahələri ilə tanışlığı üçün “Azərsun Holdinq” tərəfindən mütəmadi olaraq təşkil olunan ekskursiyalar bunun bariz nümunəsidir.
Bir çox universitetlərlə əməkdaşlıq edən holdinqin bu dəfəki qonaqları Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri idi. İlk olaraq tələbələrə holdinqin mədəniyyət mərkəzində “Azərsun Holdinq”in fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı qısametrajlı film nümayiş etdirildi. Sonra isə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) şöbəsinin mütəxəssisləri istehsalat sahələrində riayət olunan təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verdilər.
Daha sonra tələbələr Bakı Yağ Fabrikinin duru yağ, marqarin, mayonez istehsalı və qablaşdırılması sahələri ilə tanış oldular. Onların istehsalatla bağlı sualları mütəxəssislər tərəfindən geniş şəkildə cavablandırıldı. İstehsal prosesi ilə əyani şəkildə tanış olan gənclər burada yağ doldurma, mayonez və marqarin qablaşdırma sahələrində son dərəcə müasir avadanlıqlarla aparılan avtomatlaşdırılmış iş prosesini müşahidə etdilər.
Son olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə müxtəlif hədiyyələr təqdim olundu.
| [Əvvəlki] | [Sonrakı] |

