Azersundan xəbərlər

Aprelin 27-də “Azərsun Holding”in dəstəyilə, şirkətin Mədəniyyət Mərkəzində istedadlı şair, publisist və jurnalist Eldar İsmayılın poeziya gecəsi keçirilmişdir.

27 aprel 2010

   Tanınmış aşıq Ədalət Dəlidağın saz havasının sədaları altında açılışına başlayan tədbirdə qonaqların əhval-ruhiyyəsində bir canlanma yarandı.
Gecənin aparıcılığı  professor, şair Ənvər Əhmədə həvalə olundu. İstedadlı şair Ə.Əhməd Eldar İsmayıl yaradıcılığından söhbət açaraq, şeirlərindən parçalar söylədi. Özünün dadlı-duzlu, şirin söhbətləri ilə gecəni daha da rövnəqləndirdi. O, çıxışında qeyd etdi ki, E.İsmayıl odlu, alovlu, yanğılı şairdir. “Onu heç nə ram edə bilmir. Sinəsi qəzəb odunda alışır.” Ə.Əhməd həmçinin E.İsmayılı Göyçə yaralı, Qarabağ, Zəngəzur ağrılı, Bağanis Ayrım yanqılı, Xocalı dərdli, Dərbənd, Təbriz, Borçalı haraylı böyük şair adlandırdı.
Gecədə tanınmış alimlər, şairlər, qələm adamları ürək sözlərini söylədilər. Akademik Teymur Bünyadov  şairin yaradıcılığından söhbət açandan sonra bildirdi ki, Eldar İsmayıl elə şairlərdəndir ki, ona hər cür təltif, mükafat, titul, ad, prezident təqaüdü yaraşır. “Eldar müəllim bir çox nüfuzlu mükafatlarla təltif olunsa da, təəssüflər olsun ki, özünün hələ də layiqli qiymətini almayıb.”
Şair İlyas Tapdıq da Eldar İsmayılı çoxdan tanıdığını, onun yaradıcılığına dərindən bələd olduğunu bildirdi: “Mən Eldar İsmayılı çoxdan tanıyıram, o, bəlkə də erməni təcavüzündən ən çox yazan qələm sahiblərindəndir”-dedi.
El ağsaqqalı Abbas Mazanov  şairin el-obaya, Vətənə sevgisindən, torpağa bağlığından, millətə olan sonsuz məhəbbətindən söhbət açdı. “Yaşadığımız Göyçə mahalında keçirilən tədbirlərdə hər an ermənilərin millətçi çıxışlarının şahidi olurduq. Həmin vaxt onların çıxışlarına hər kəs münasibət bildirməyə cürət etmirdi. Münasibət bildirəni o saat şərləyər, iftiralar atar, həbslə hədələyirdilər. Amma Eldar müəllim onların törədəcəyi təhlükədən heç zaman qorxmayıb. Həmişə onların haqsızlıqlarına qarşı haqq səsini ucaltdığının şahidi olmuşam. Harada Eldar müəllim olubsa, ermənilər millətçi söhbətlər etməkdən çəkiniblər.”
Gecədə professor İsmayıl Məmmədov, şair Qəşəm Nəcəfzadə də çıxış etdilər. İ.Məmmədov E.İsmayılın nəsr dilindən danışdı. Şairin yazdığı “Səttaroğlu”, “Göyçənin qisası qalır”, “Zülmətdə parlayan qılınc”  romanlarının ideya məzmunu ilə qonaqları tanış etdi.
Q.Nəcəfzadə isə E.İsmayılı içində qovrulan şair kimi xarakterizə edərək onun əsərlərinin əsas leymotivini Vətən, torpaq təşkil etdiyini dilə gətirdi.
Şairin yaradıcılığından söhbət açanlar onun yazdığı “Zülmətdə parlayan qılınc” tarixi romanına və sonuncu işıq üzü görmüş “Hazır ol qisasa, hazır ol, xalqım” kitabına dəfələrlə qayıtmalı oldular.
Gecədə Folklor İnstitunun əməkdaşı Aynur Qəzənfərqızı, şair Musa Ələkbərli, Fərqanə xanım  və başqaları da ürək sözlərini dedilər və şairin yaradıcılığından söhbət açdılar.
Şairin şeirlərindən ibarət aşıq və müğənnilər tərəfindən mahnılar oxundu. Qiraət ustaları isə əsərlərdən parçalar səsləndirməklə qonaqları maraqlı proqramla əyləndirdilər. Aşıqlardan Altay, Dəmir, Rakif, Təbriz və Solmaz xanım çıxış etdilər. Onların oxuduqları mahnı qonaqlar tərəfindən alqışla qarşılandı.
“İrs” ansambılının ifası və Sarabski adına teatrın aktrisaları – Afaq Seyidova, Aysel Əkbərovanın şairin əsərlərindən söylədikləri parçalar qonaqların ürəyincə oldu.
Sonda söz E.İsmayıla verildi. O, tədbirin keçirilməsinə şərait yaratdığına görə “Azərsun Holdinq”in prezidenti Abdolbari Gözələ təşəkkürünü bildirdi. Qonaqları isə gecədə iştirak etdiklərinə görə salamladı.
Qeyd edək ki, “Hazır ol qisasa, hazır ol, xalqım” kitabı şairin 34-cü kitabıdır. Şairin “Allah amanatı”, “Eldar İsmayıl və seçilmiş əsərləri” Türkiyədə Anadolu türkçəsinə çevrilərək orta məktəblərdə dərslik kimi istifadə olunur. 12 mart 2007-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk ədəbiyyatına xidmət” mükafatına layiq görülüb.
14 avqust 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən “Soyqırım və erməni təcavüzü” müsabiqəsinin “Xüsusi mükafatı” ilə təltif olunub.
“Qızıl qələm”, “Araz”  ali ədəbi mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 

[Əvvəlki] [Sonrakı]