Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ” “BURA VƏTƏNDİR” AKSİYASINA START VERDİ
29 oktyabr, 2009
Milli dəyərlərə, ölkəmizin sosial-ictimai həyatının formalaşmasına hər zaman həssas yanaşmasıyla seçilən “Azərsun Holdinq” daha bir dəyərli aksiyaya öz töhfəsini verdi. Azərbaycan Respublikası Turizm və Mədəniyyət Nazirliyinin Şuşa Dövlət Musiqili Dram Teatrı və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Azərsun Holdinq”in birgə təşəbbüsü ilə “Bura Vətəndir” aksiyasını həyata keçirmişdir.
Ölkəmizin işğal olunmuş ərazilərinin mədəni irsi və zəngin tarixinin maarifləndirici tərəflərinin gənclərimizə təbliğ edilməsi, bu duyğuların onlara aşılanması, doğma Qarabağımızın tarixi yaddaşının gənclərimizin şüuruna həkk olunmasına xidmət edən bu ənənəvi aksiya zamanı daha dolğun informasiyanın formalaşdırılması və gənc nəsil arasında yayılması aksiyanın əsas məqsədlərindən biridir.
Tədbir çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının hər ay bir ali təhsil ocağını ziyarət etməsi, teatr tərəfindən milli-mənəvi dəyərlərimizi özündə əks etdirəcək tamaşaların səhnəyə qoyulması və vətənpərvərlik duyğularının aşılanması nəzərdə tutulmuşdur. Şirkətimizin böyük qürur hissi ilə qatıldığı bu tədbirdə “Azərsun Holdinq” gəncləri daha aktiv iştirak etmişlər.
İlk olaraq “Azərsun Holdinq”in Mədəniyyət Mərkəzində Enurə Abdullayevanın “Ağ qayıq” tamaşası nümayiş etdirildi. Təşkil olunmuş aksiyada “Qafqaz” Universitetinin tələbələri ilə yanaşı holdinqin əməkdaşları, icma sədrləri və üzvləri iştirak edirdi.
Tədbirdə “Azərsun Holdinq”in koordinatoru Rahmi Yaşar, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının əlaqələndirmə şurasının sədri Mehdi Abdullayev, Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu çıxış etmişdirlər.
Rahmi Yaşar öz çıxışında aksiyanı dəstəklədiyini bildirmiş, bu istiqamətdə atılan hər bir addımın təqdirəlayiq olduğunu vurğulamışdır. “Azərsun Holdinq”də təşkil olunmuş bu tədbirdən sonra aksiya öz işinə davam etmişdir.
Aksiyanın davamı olaraq Slavyan Universitetində “Şuşa dağlarını duman bürüdü” tamaşası nümayiş etdirilmişdir.
“Azərsun Holdinq” hər zaman yüksək dəyər verdiyi mənəvi dünyamızın ictimai tərənnümünü ifadə edən tədbirlərdə iştirak etməkdən böyük məmnuniyyət duyduğunu və gələcəkdə ölkəmizin sosial həyatında fəal iştirak etmək qürurunu daşıyacağını bəyan edir.
| [Əvvəlki] | [Sonrakı] |

