Azersundan xəbərlər
BAKIDA “CASPİAN AGRO-2009” BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI , ƏRZAQ EMALI VƏ QABLAŞDIRILMASI SƏRGİSİ KEÇİRİLDİ
7 oktyabr, 2009
Bakıda “Caspian Agro-2009” beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırılması sərgisi keçirilmişdir. Sərgidə yerli şirkətlərlə yanaşı xarici şirkətlər də iştirak etmiş və onların hər birinin fəaliyyətini əks etdirən stendləri nümayiş olunmuşdur. Belə ki, sərgidə 85 şirkətin pavilyonu quraşdırılmışdı.
Sərgidə Prezident İlham Əliyev də iştirak etmişdir. Ölkə başçısı Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası, Azərbaycan Dövlət Aqrar Universiteti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərsun Holdinq” stendlərini, Litva, İtaliya, Latviya, İsrail, Suriya və Belarusun milli pavilyonları, habelə quşçuluq, kənd təsərrüfatı texnikası pavilyonları ilə də yaxından tanış olmuşdur. Sərgi haqqında ölkə başçısına məlumat verilmiş və beynəlxalq statusa malik olan bu sərginin əsas məqsədinin aqrar sahənin inkişafı olduğu qeyd edilmişdir.
“Casipan Agro”nun Baş sponsoru “Azərsun Holdinq”in stendinə yaxınlaşan dövlət başçısını qarşılayan Şirkətlər Qrupunun baş direktoru Fevzihan Aras son dövr ərzində əldə olunmuş nailiyyətlər, istehsal olunan yeni qida məhsulları, kənd təsərrüfatı sahəsində atılan addımlar barəsində ətraflı məlumat vermiş, dövlət başçısını maraqlandıran bir sıra suallara cavab vermişdir. Prezident İlham Əliyev “Azərsun Holdinq”in fəaliyyətində gələcəkdə daha yeni uğurlara nail olmasını arzu etmişdir.
Azərbaycanın dövlət rəsmiləri ilə yanaşı Litva, Latviya, Belarus, Qatar və başqa ölkələrin nümayəndələrinin iştirak etdiyi bu mərasimdə Azərbaycan Kənd Təsərrüfatı naziri İsmət Abbasov çıxış etmişdir. Nazir öz çıxışında sərginin gələcək illərdə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracının inkişafına əlavə təkan verəcəyini söyləmişdir. Dövlətin göstərdiyi diqqət və qayğının nəticəsində kənd təsərrüfatı məhsullarının daha da artdığını qeyd edən İsmət Abbasov, sərginin təşkil olunmasında əsas məqsədin respublikanın şəhər və rayonlarında fəaliyyətə başlamış müəssisələrin müxtəlif xidmət sahələrini nümayiş etdirmək olduğunu bildirmişdir.
Qeyd etmək lazımdır ki, beynəlxalq İSO standartlarına uyğun olan və “Azərsun Holdinq” müəssisələri tərəfindən müasir texnologiyalarla istehsal edilən məhsullar öz xammallarını yerli qaynaqlardan almaqdadır. Bu isə kənd təsərrüfatının inkişafında mühüm bir addım kimi qiymətləndirilir. Kənd təsərrüfatındakı canlanmada əsas rol oynayan şirkətlər qrupunun stendinə yaxınlaşaraq əməkdaşlıq etmək istəyənlərin sayının kifayət qədər çox olması, holdinqin fəaliyyətinin düzgün istiqamətdə olduğundan xəbər verir.
Yüksək zövq və milli koloritləri əks etdirən stenddə holdinq müəssisələrinin istehsalı olan məhsullar nümayiş etdirilirdi. Burada “Qafqaz Konserv Zavodu”, Bakı yağ fabriki, İmişli şəkər fabriki, Zaqatala fındıq fabriki, “Qafqaz Kağız Sənaye”, “Sun Tea Azerbaycan” çay paketləmə fabrikinin istehsal etdiyi məhsullar sərgi iştirakçılarının böyük marağına səbəb oldu.
Sərgidə zeytun, duru və qatı yağlar, müxtəlif çeşiddə çaylar, gigiyenik təmizlik kağızları, konservlər, şəkər və şəkər tozu, şirniyyat sənayesində istifadə olunması üçün çəkilmiş hazır fındıq məhsulu nümayiş etdirilirdi. Stendə yaxınlaşan hər bir sərgi iştirakçısının istehsal olunan məhsullarla bağlı suallarını cavablandıran holdinq mütəxəssisləri, onlara ətraflı məlumat verirdilər.
Qeyd etmək lazımdır ki, oktyabr ayının 9-a kimi davam etmiş sərgi, Kənd Təsərrüfatı Nazirliyi ilə Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunmuşdur.
| [Əvvəlki] | [Sonrakı] |

