Azersundan xəbərlər

ŞƏKƏR ZAVODU ÇUĞUNDURUN QƏBUL KAMPANİYASINA BAŞLADI

17 sentyabr, 2009

İmişli Şəkər zavodunda 2009-2010-cu il çuğundur alım kampaniyasının  açılış mərasimi 27 sentyabr 2009-cu il tarixində zavodda təşkil olundu.   

Çoxsaylı qonaqların iştirak etdiyi tədbir Muğan Bölgə Koordinatoru Yakup Hezerin çıxışı ilə başladı. O, dedi: - “İmişli Şəkər zavodunda çalışdığım və sizləri tanıdığım üçün  özümü xoşbəxt hiss edirəm. Bu mənim üçün böyük qürurdur. İstehsalçısı, çalışanı, idarəedicisi ilə birlikdə əl-ələ verərək daha yüksək nəticələr əldə etmək, bizim  hədəfimizdir. Zavod günəş kimi parlayacaqdır, inşallah. Çuğundur alım kampaniyasında təxminən 180.000 ton çuğundurun işlənməsi 60-70 gün çəkəcəkdir. Odur ki, uğurlu bir kampaniya keçirməyinizi, Azərbaycan üçün bərəkətli və xeyirli olmasını Allahdan niyaz edir, hamınıza sevgi və sayqılarımı çatdırıram.”

Sonra isə zavodun direktoru İsmayıl Müslümzadə çıxış etmiş və tədbir iştirakçılarını salamlamışdır. O, demişdir: - “2009-2010-cu ilin çuğundur alım kampaniyası münasibətilə hamınızı təbrik edir, çuğundur əkini ilə məşğul olan mülkiyyətçilərə isə öz dərin minnətdarlığımı bildirirəm. Sevinirəm ki, Azərbaycanda əkilən şəkər çuğunduru və zəhmətkeşlərin zəhməti bar verib əkilib-becərilən çuğundur yığımına hesablanmışdır. Azərbaycanın öz torpaqlarında yetişdirilən çuğundurdan şəkər əldə etməyimiz isə sevindirici və qürurverici bir haldır. Allahdan arzu edirəm ki, 2009-2010-cu ilin çuğundur alım kampaniyasını uğurla başa vuraq.”

Tədbir, şəkər zavodunun bölgələr üzrə ilk məhsul gətirən mülkiyyətçilərinə bir kisə şəkər tozu hədiyyə verilməsi ilə başa çatdı.  Sonra isə çuğundurun alım kampaniyasına start verildi və çuğundur yüklənmiş maşınlar tərəziyə daxil olmağa başladılar.

Qeyd etmək lazımdır ki, bu il şəkər çuğunduru qəbulunun 5-ci Kampaniya dövrü başladı. Artıq ildən-ilə keçdikcə daha keyfiyyətli və daha çox məhsul əldə edilməkdədir. Fəlsəfəmiz bölgə əhalisinin rifahını, inkişafını artırmaq və onları daha geniş sahələrdə iş imkanı ilə təmin etməkdir. Hər il olduğu kimi bu il də hədiyyə olaraq çuğundur əkinçilərinə şəkər tozu verilmişdir.

Azərbaycanda 5 il kimi qısa bir zaman kəsiyində şəkər çuğunduru əkinçiliyinin belə bir sürətlə  artması və bu sahədə əldə edilən uğurlar təbii ki, burada çalışanlarımızın şirkətimizə və onun fəlsəfəsinə olan bağlılığının nəticəsidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 5-ci Kampaniya dövründə əkinçilərin əməyinin qarşılığını rahat bir şəkildə ala bilməsi üçün daha bir yenilik edilmiş və 2000 nəfər əkinçiyə Bankomat kartı təqdim edilmişdir. “AŞİB AGRO” MMC hər il fərqli yeniliklərlə şirkətimizə və Azərbaycan xalqına  xidmət etməyə davam edəcəkdir.


 

[Əvvəlki] [Sonrakı]