Azersundan xəbərlər
AZƏRBAYCAN BEYNƏLXALQ MƏKTƏBİNİN ŞAGİRDLƏRİNİN FABRİKLƏRİMIZƏ EKSKURSİYASI
17 sentyabr, 2009
Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq ümumtəhsil məktəbinin TİSA (The İnternational School of Azerbaijan) ibtidai sinif şagirdlərinin Bakı yağ fabrikinə və Qafqaz Kağız Sənaye fabrikinə ekskursiyaları təşkil olunmuşdur.
İstehsal sahələrində tətbiq edilən avtomatlaşdırılmış müasir texnikaların vasitəsilə gündəlik tələbat məhsullarının necə ərsəyə gəlməsi, əl əməyinin yüngülləşdirilməsi, istehsalın sürətlənməsi və s. bu kimi texnoloji prosesləri daha yaxından izləmək və əyani şəkildə müşahidə etmək üçün Beynəlxalq məktəbin şagirdləri fabriklərimizdə ekskursiyada oldular.
Şirkətlər qrupunun Tədris şöbəsi, Marketinq Departamenti və İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin iştirakı ilə həyata keçirilən ekskursiyanın əsas məqsədi məktəblilərə insanların gündəlik tələbatı olan qida məhsullarının və sənaye mallarının nə cür istehsal edildiyini əyani surətdə göstərmək idi.
Ekskursiya zamanı TİSA heyətini Qafqaz Kağız Sənaye fabrikinin müdiri Oktay Yavuz, Tədris şöbəsinin mütəxəssisi Nəşə Budak, Marketinq Departamentinin kağız məhsulları üzrə mütəxəssisi Sara Rzayeva, yağ məhsulları mütəxəssisi Eda Salman və İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərov, Bakı Yağ Fabrikinin növbə üzrə istehsalat rəisi Hüseyn Qocamanov, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizliyi bölməsinin mütəxəssisləri Nazim Ağayev və Lətif Tağıyev müşayiət etdilər.
İlk olaraq Bakı Yağ fabrikinin marqarin və duru yağ doldurma sahələrində olan məktəblilər, mütəxəssislər tərəfindən istehsalat haqqında ətraflı şəkildə məlumatlandırıldılar. Marqarin istehsal sahəsində olan balacalar yağın nə cür qablaşdırılmasını, avtomatlaşdırılmış texnikanın iş şəraitini əyani şəkildə müşahidə etdilər. İstehsal prosesi şagirdlərdə böyük marağa səbəb oldu.
TİSA heyəti duru yağ dolum sahəsində olan istehsal və qablaşdırma prosesi ilə də tanış oldular. Şagirdlər insan əli dəymədən istehsal edilərək qablaşdırılan və istehlakçılara təqdim olunan məhsulların son dərəcə gigiyenik şərtlərlə emal olunduğunu müşahidə etdilər.
Sonra məktəblilər gigiyenik-təmizlik kağızları emalı fabrikinə ekskursiya etdilər. Onlar burada gigiyenik olması ilə yanaşı rəngarəng və yüksək zövqlə naxışlanmış salfetlərin istehsal prosesini izlədilər.
Qafqaz Kağız Sənaye fabrikindəki emal prosesində böyük rulonların avtomatlaşdırılmış qurğulara yerləşdirilməsi və makinaların işə salınması ilə başlayan istehsalat zamanı, uşaqlar müxtəlif çeşidlərdə gigiyenik-təmizlik salfetlərinin nə cür ərsəyə gəldiyini də böyük maraqla müşahidə etdilər. Təmizlik kağızları istehsal fabrikində müxtəlif növ və çeşiddə - stolüstü, mətbəx və cib salfetləri, tualet kağızları istehsal olunmaqdadır. Məktəblilərin daha çox diqqətini isə stolüstü salfetlərin rəngarəngliyi və naxışları çəkdi.
Şagirdlər üçün kifayət qədər maraqlı olan bu ekskursiya onların gündəlik qida və gigiyenik-təmizlik məhsulları haqqında olan təsəvvürlərinə xeyli zənginlik qatdı.
Maraqlı və maarifləndirici ekskursiyanın sonunda şagirdlərlə holdinq çalışanları birlikdə xatirə şəkli çəkdirmiş və məktəblilərə hədiyyələr təqdim olunmuşdur.
| [Əvvəlki] | [Sonrakı] |

