Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ” I BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASINDA
10-13 sentyabr, 2009
“Azərsun Holdinq” istehsalçı şirkət olmaqla yanaşı elm, mədəniyyət, incəsənət, ümumiyyətlə, sənətlə bağlı sahələrdə görülən əməli işləri hər zaman təqdirəlayiq qəbul edərək dəstəkləmişdir.
Şirkətlər qrupu ilk dəfə keçirilən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmişdir. Sentyabr ayının 10-da açılış mərasimi olan bu sərgi 3 gün davam etmişdir. Sərginin açılışına dövlət rəsmiləri, bir sıra dövlətlərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, millət vəkilləri, yazıçılar, tanınmış sənət adamları, elm xadimləri, eləcə də kitabsevərlər dəvət olunmuşdular.
Sərginin açılışında Baş Nazirin müavini Elçin Əfəndiyev çıxış etmiş və sərginin əhəmiyyətindən bəhs etmişdir. Sonra isə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev çıxış etmişdir. Nazir öz çıxışında, kitab sərgisinin Azərbaycan xalqı üçün böyük töhfə olduğunu və insanların sərgiyə böyük maraq göstərdiyini vurğulamışdır.
Sərgidə Heydər Əliyev Fondunun, “Azərsun Holdinq”in, Atatürk Mədəniyyət Mərkəzinin, “Yaddan çıxmaz Qarabağ”, “Azərbaycan dünya çapında” stendlərindəki kitablar və bir çox nəşriyyatların bir-birindən maraqlı stendləri kitab həvəskarları tərəfindən çox bəyənilmişdir.
Qeyd etmək lazımdır ki, sərgidə yerli nəşrlərlə yanaşı, xarici ədəbiyyata da geniş yer verilmişdi. Belə ki, sərgidə bir sıra xarici ölkələrin - ABŞ, Fransa, Rusiya, Türkiyə, İran, Türkmənistan, Qırğızıstan, Tatarıstan və s. kitab stendləri qurulmuş, bu ölkələrin milli adət-ənənələri və tarixlərindən bəhs edən kitablar kitabsevərlərə təqdim olunmuşdur.
Sərgidə maraq göstərilən stendlərdən biri də “Azərsun Holdinq”in dəstəyi ilə nəşr edilən kitabların stendi Burada Prof. dok. Maqsud Qasımovun “Məktəblilərin gigiyenik tərbiyəsi üzrə metodiki göstərişlər”, “Sağlam həyat tərzi uğrunda”, Prof. Dok. Fərman Quliyevin “Zeytun bitkisi”, eləcə də prof. Əhməd Cabirin Əhmədovun “Müasir Azərbaycan mətbəxinin xörəklər”, Vaqif Arzumanlı və Xoşqədəm Baxşəliyevanın “Türk Dünyası və böyük Ermənistan xülyası”, Mirvari Rəhimzadənin “Allahın eşqiylə” kitabları ilə yanaşı holdinq işçilərindən olan həvəskar şair və yazıçıların nəşr edilən kitabları nümayiş olunurdu. Böyük oxucu kütləsinin axın etdiyi bu stendə məşhur simalar da maraq göstərirdi.
Baş Nazirin müavini Elçin Əfəndiyev, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, millət vəkillərindən Əli Əhmədov, Nizami Cəfərov, Aqil Abbas, Zəlimxan Yaqub, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülısi Kılıc, İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad İsmayıl Ömər, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami, yazıçılardan Çingiz Abdullayev, Sabir Rüstəmxanlı, Natiq Rəsulzadə, şirkətlər qrupunun sponsorluğu ilə nəşr olunmuş müxtəlif mövzuları əhatə edən kitablarla tanış oldular.
Kitab sərgisində dövlət başçısının fərmanı ilə 2009-cu ilin “Uşaq ili” elan olunması ilə əlaqədar, “Azərsun Holdinq”in nəşr etdirdiyi Tədris şöbəsinin müdiri müəllif Şahnaz Arasın uşaq təlim-tərbiyəsindən bəhs edən “Meyar” adlı kitabı da nümayiş etdirilirdi. Kitabda valideyn və uşaq münasibətləri, uşaq tərbiyəsi mövzusu ətrafında maraqlı məqamlara toxunulmuşdur. Hər bir valideynin uşaq tərbiyəsində müraciət edəcəyi bu kitab mövzu etibarilə çox zəngin və dolğundur. Nəfis tərtibatlı, mövzu etibarı ilə maraqlı olan bu kitab müəllifin şəxsi imzası ilə kitabsevərlərə hədiyyə olunmuşdur.
| [Əvvəlki] | [Sonrakı] |

